SOCAR rəsmisi: “Neft-qaz sənayesi su ehtiyatlarından əhəmiyyətli dərəcədə asılıdır”

Baş səhifə

Neft-qaz sənayesi su ehtiyatlarından əhəmiyyətli dərəcədə asılıdır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin idarə olunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva “Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri” mövzusunda keçirilən dəyərmi masada bildirib.

Onun sözlərinə görə, bu, xüsusilə hasilat və emal seqmentlərinə aiddir: “Neft-qaz sənayesində ümumi su götürülməsinin 80 %-i hasilat və emalın payına düşür. Xüsusilə, SOCAR təkcə neft və qazın kəşfiyyatı və hasilatı ilə deyil, həm də neft emalı, karbamid və polimerlər kimi neft-kimya məhsullarının istehsalını əhatə edən emal əməliyyatları ilə məşğul olur. Bu, istehsal müəssisələrimiz üçün əhəmiyyətli su ehtiyatlarının götürülməsini nəzərdə tutur. Emal əməliyyatlarından danışanda dərhal ağıla Heydər Əliyev adına Neft Emalı Zavodu gəlir. O, polietilen məhsulları istehsal edən “Azərkimya” ilə yanaşı, ən böyük su istehlakçısıdır. SOCAR-ın ümumi su götürülməsinin 80 %-i bu iki obyektin payına düşür”.

M. Hacıyeva bildirib ki, SOCAR iki növ sudan istifadə edir: “Bunlar dəniz suyu və şirin sudur. Hazırda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə şirin su istehsalı üçün kifayət qədər resurslarımız olmadığından, şirin su təminatında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) əhəmiyyətli dərəcədə asılıyıq. SOCAR hazırda ekoloji transformasiyaya sadiqdir. İki il əvvəl “Ekoloji transformasiya, ətraf mühitin mühafizəsi və dekarbonizasiya” adlı ixtisaslaşdırılmış struktur yaratdıq. Bu təşəbbüs təkcə dekarbonizasiyaya deyil, həm də ümumi ekoloji təsirimizin azaldılmasına yönəlib. Emissiyaların və karbon emissiyalarının idarə edilməsindən sonra su bizim ikinci prioritetimizdir”.

SOCAR rəsmisi yaxın illərdə şirin su istehlakının intensivliyini azaltmaq üçün strateji təşəbbüslərin həyata keçirməsinin planlaşdırıldığını diqqətə çatdırıb: “Buna infrastrukturun inkişafı, tullantı sularının təkrar istifadəsi və emalı, həmçinin su tutumlu obyektlərdə su dövrlərinin qapalı dövriyyəsi daxildir. Artıq üç ildir ki, “Ernst & Young” şirkəti tərəfindən yoxlanılan və düzəldilən davamlı inkişaf hesabatı hazırlanır. Hesabatın dəqiqliyini və tələblərə uyğunluğunu təmin etmək üçün onlarla əməkdaşlıq edirik”.

O həmçinin qeyd edib ki, SOCAR məhsulları təkcə Rusiyaya və postsovet ölkələrinə deyil, həm də Avropaya ixrac etdiyindən, yüksək keyfiyyətli hesabatların hazırlanmasına çox ciddi yanaşır: “İstifadə edilən hər damla suyu diqqətlə hesablayır və hesabat veririk. Bu il su sektoru üçün əsas fəaliyyət göstəriciləri (ƏFG) tətbiq edərək mühüm addım atırıq. Adətən şirkətlər ümumi şirin su götürülməsinin 90 %-ni təşkil edən obyektləri daxil etdiyi halda, biz qərara gəldik ki, SOCAR-ın tərkibində ümumi su həcminin 1 %-dən çoxunu istifadə edən hər bir təşkilat ƏFG hesabat sisteminə daxil ediləcək. Bu, hasilat əməliyyatlarını, neft və qaz hasil edən bütün platformaları, həmçinin neft-kimya istehsalını əhatə edəcək”.

M. Hacıyeva su istifadəsinin səmərəliliyini artırmaq üçün təşəbbüslərin işlənib hazırlanması üzrə “Boston Consulting” şirkəti ilə işlədiklərini xatırladaraq, bundan əlavə, Abşeron yarımadasında yaranan tullantı sularının daha səmərəli planlaşdırılması, təkrar istifadəsi və emalı üçün ADSEA ilə də əməkdaşlıq etməyi planlaşdırdıqlarını deyib.