İranda qarşıdurma törədənlər ciddi şəkildə cəzalandırılacaq – Əli Laricani

Baş səhifə

Bakı. Trend:

Etiraz aksiyaları ilə iğtişaşlar fərqləndirilməlidir, qarşıdurma
və toqquşmalara səbəb olan şəxslər ağır məsuliyyət
daşıyacaqlar.

Trend xəbər verir ki, bu
açıqlama ilə İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani
çıxış edib.

Onun sözlərinə əsasən, dinc aksiyalar ölkədə mövcud iqtisadi
çətinliklərdən irəli gələn xalq narazılığının ifadəsidir. Laricani
bildirib ki, ali rəhbərin də vurğuladığı kimi, bu etirazlar
başadüşüləndir və iqtisadi sabitliyin, xüsusilə valyuta sahəsində
tarazlığın təmin olunması vətəndaşların haqlı tələbləri
sırasındadır.




Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, xalqın iqtisadi
istəkləri ilə əlaqəsi olmayan dağıdıcı bir qrup da formalaşıb. Onun
sözlərinə görə, bu qrup etirazlardan sui-istifadə edərək son dərəcə
zorakı və cinayət xarakterli əməllər törədib, o cümlədən qətllər,
insanların yandırılması kimi ağır hadisələrə yol verib.

Laricani əlavə edib ki, hüquq-mühafizə orqanlarının çoxlu sayda
əməkdaşı xəsarət alıb, təəssüf ki, onlardan bir neçəsi həyatını
itirib. Eyni zamanda, etiraz və qarşıdurmalarda iştirak etməyən
dinc sakinlər arasında da ölən və yaralananların olduğu
bildirilib.