
Bakı. Trend:
Fransanın şimal-qərb bölgələri cümə axşamı və cümə günü
“Goretti” qasırğasının təsiri altına düşəcək. “Météo-France” Manş
departamentini külək üzrə qırmızı həyəcan səviyyəsinə keçirib. Bu,
2023-cü ilin noyabrında baş verən “Ciaran” qasırğasından sonra ilk
belə haldır. Ümumilikdə 27 departament yanvarın 8-i, 36 departament
isə yanvarın 9-u üçün narıncı həyəcan altındadır.
Trend xəbər verir ki,
mütəxəssislərin məlumatına görə, sahilboyu ərazilərdə küləyin
sürəti 150–160 km/saatadək, daxili bölgələrdə isə 130–140
km/saatadək çata bilər. Paris bölgəsində 90–100 km/saatlıq güclü
küləklər gözlənilir. Eyni zamanda dənizdə hündürlüyü 6–8 metrə
çatan dalğalar riski var.
Qasırğa səbəbindən Normandiyada çoxsaylı qatar xətləri yanvarın
8-də axşam dayandırılıb, məktəblər isə Manş departamentində
yanvarın 9-da tam bağlanacaq. Hakimiyyət orqanları əhaliyə evdə
qalmağı, səfərləri təxirə salmağı və fövqəladə vəziyyət üçün
hazırlıqlı olmağı tövsiyə edir.

