
Bakı. Trend:
Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib,
həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş
torpaqlarda.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.
“Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə
imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə,
2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat
Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni
bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi
gücləndirməliyik. Buna “Energy Grid” deyirlər”, – deyə dövlətimizin
başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bununla paralel olaraq
batareya saxlanc sistemləri də qurulmalıdır: “Biz ilkin mərhələdə
xarici şirkətlərə müraciət etdik ki, onlar investor kimi bu işi
görsünlər. Amma gördük ki, böyük maraq yoxdur. Yəni dövlət xətti
ilə təxminən 250 meqavat gücündə birinci batareyalar artıq
quraşdırılır, amma daha da çox olacaq. Çünki bizim, yenə də
deyirəm, qısamüddətli planlarımız 8 giqavat enerji əldə
etməkdir”.

