
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.
Trend xəbər verir
ki, “Bizim mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən
xeyriyyə aksiyasında könüllülərin iştirakı ilə Bakı şəhərinin
Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan 200 aztəminatlı
ailəyə ərzaq qutuları təqdim olunub.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim mətbəx”
sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı
olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək
cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə
başladığı gündən etibarən “Bizim mətbəx” könüllüləri Bakı və ətraf
bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida
yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət
və ümid bəxş etməyə nail olublar.
Qeyd edək ki, “Bizim mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) artıq bir ildən çoxdur
istifadəyə verilib və bu platforma vasitəsilə vətəndaşlar ianə edə,
həmçinin könüllü kimi layihəyə qoşula bilirlər.

