
Bakı. Trend:
Türkiyənin Yalova şəhərində yerli Polis İdarəsinin Terrorla
Mübarizə Şöbəsinin əməkdaşları gecə saat 03:30 radələrində İŞİD
terror təşkilatına qarşı əməliyyat həyata keçirib.
Trend bu barədə
xarici KİV-ə istinadən məlumat verir.
Qeyd olunub ki, əməliyyat zamanı baş verən silahlı toqquşmada 7
polis əməkdaşı yaralanıb. Hadisə ilə əlaqədar Bursa vilayətindən
Xüsusi Təyinatlı dəstək qrupları əraziyə cəlb olunaraq əməliyyat
dəstəyi göstərilib.
Yaralanan 7 polis əməkdaşı dərhal xəstəxanaya yerləşdirilib və
ilkin tibbi qiymətləndirmələrə əsasən, yaralıların həyatları üçün
təhlükə yoxdur.
Məlumata görə, Bursa xüsusi təyinatlılarının gəlişindən sonra
silahlı toqquşma 6 saata yaxındır ki, davam edir. Atışmanın
küçələrdə getdiyi bildirilir.
Toqquşmanın baş verdiyi ərazidə yerləşən 5 məktəbdə tədris
müvəqqəti dayandırılıb, ərazidə qaz və elektrik enerjisinin nəzarət
məqsədilə kəsildiyi, mülki şəxslərin və nəqliyyat vasitələrinin
əraziyə girişinə icazə verilmədiyi qeyd olunub.

