Gün ərzində nə qədər piyada gəzmək lazımdır?- Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

Baş səhifə

Bakı. Trend:

“Gündəlik piyada hərəkəti insan sağlamlığının sadə, amma ən
güclü qoruyucu vasitələrindən biridir. Ürək-damar sistemi,
dayaq-hərəkət aparatı, həm də psixoloji vəziyyət üçün piyada
gəzməyin təsirləri uzun illərdir elmi araşdırmalarla sübut
olunub”.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
verilişində fizioterapevt- reabilitoloq Aytən Musayeva
açıqlayıb.

Onun sözlərinə görə, son illərdə ekspertlər artıq “nə qədər çox
gəzsən, o qədər yaxşıdır” prinsipi əvəzinə daha dəqiq və
fərdiləşdirilmiş çərçivələr təqdim edirlər:

“Çünki hər insanın yaşına, fiziki hazırlığına, xroniki
xəstəliklərinə, hamiləlik vəziyyətinə uyğun ideal məhdudiyyətləri
və imkanları var. Gün ərzində piyada gəzməyin ümumi qəbul olunan
norması 6 000 – 8 000 addım və ya təxminən 30–45 dəqiqə fasiləsiz
və ya bölünmüş gəzinti hesab olunur. Bu rəqəm Ümumdünya Səhiyyə
Təşkilatının minimal aktivlik qaydalarına uyğundur və oturaq həyat
tərzi keçirən insanlar üçün sağlamlıq risklərini ciddi şəkildə
azaldır. Lakin burada vacib məqam var: fiziki aktivlik “hamıya
eyni” qaydada tətbiq olunmur. Yaşlılarda 6 000 addım artıq ideal
həddi təmin edir, lakin gənc və sağlam insanlar üçün 8 000 – 10 000
addım daha yaxşı nəticə verir. Gün ərzində çox gəzən, lakin digər
fiziki aktivliyi olmayan insanlarda isə təkcə piyada gəzmək
oynaqların yükünü artırıb bel və diz ağrılarına səbəb ola bilər.
Ona görə də gəzinti həmişə əzələ gücləndirmə və dartınma
hərəkətləri ilə tamamlanmalıdır”.

A.Musayeva bildirib ki, hamilə qadınlar üçün piyada gəzmək
xüsusi əhəmiyyət daşıyır:




“Hamiləlik dövründə qan dövranı yüklənir, metabolizm yüksəlir və
çanaq-bağ aparatında relaksin hormonunun təsiri ilə boşalma baş
verir. Bu səbəbdən uzun müddətli və sürətli gəzinti qasıq və bel
nahiyəsində əlavə gərginlik yarada bilər. Bu dövrdə həkimlər
ümumilikdə 5 000 – 7 000 addım, yəni 20–30 dəqiqəlik gəzintini
təhlükəsiz hesab edirlər. Hamiləliyin riskli olduğu hallarda
(qəhvəyi axıntı, qarın gərginləşməsi, təzyiq dəyişməsi) gəzinti
mütləq məhdudlaşdırılmalıdır.

Fizioloji ritmə görə gəzinti ən çox səhər saatlarında
10:00–12:00 arası və günorta yeməyindən 40–60 dəqiqə sonra edilən
piyada aktivliyi qan şəkərini balanslaşdırır və şişkinliyin
qarşısını alır. Axşam saatlarında isə yüngül 15 dəqiqəlik gəzinti
yuxu keyfiyyətini artırır. Sürət də önəmlidir: çox sürətli və nəfəs
darlığı ilə yürüş gündəlik sağlamlıq üçün yox, artıq idman məşqinə
keçir və hər kəs üçün uyğun deyil. Orta sürətli, rahat nəfəs alınan
temp optimaldır”.

Fizioterapevt qeyd edib ki, əgər insanda aktiv oynaq iltihabı,
bel yırtığı kəskinləşməsi, kəskin tromboflebit, təzyiqin
qeyri-stabilliyi və ya hamiləlikdə qarın dartınması varsa, uzun
məsafələr zərər verə bilər:

“Həddinə qədər gəzinti güc və enerji verir, ancaq həddindən
artıq gəzinti əks təsir yaradır: yorğunluq, əzələ spazmı, topuq
şişməsi, diz oynaqlarında yüklənmə və ayaq altı fassiyanın
qıcıqlanması. Nəticə olaraq, gündəlik piyada aktivliyi nə qədər
düzgün planlanır və şəxsin öz bədəninin imkanlarına
uyğunlaşdırılır, bir o qədər də sağlamlıq üçün dəyərli olur.
Gəzintinin məqsədi bədəni cəzalandırmaq yox, onu hərəkət vasitəsilə
gücləndirməkdir. İnsan öz orqanizmini dinlədikcə və imkanlarını
anlayaraq hərəkət rejimini tənzimlədikcə piyada gəzmək təkcə fiziki
sağlamlıq deyil, psixoloji rahatlıq üçün də ən sadə və təsirli
vasitəyə çevrilir”.