
Suriyanın Hələb şəhərindəki dövlət idarələri, məktəblər və universitetlər 23 dekabrda fəaliyyətlərini dayandıracaq.
APA xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Məlumata görə, şəhər rəhbərliyi Suriya Demokratik Qüvvələri ilə Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalara cavab olaraq bu qərara gəlib.
***
23:15
Hələbin Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində yerləşmiş Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvləri mülki əhaliyə hücum ediblər.
APA xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb.
Bölgəyə ciddi maddi ziyan dəydiyi bildirilir. SDQ silahlılarının həmçinin Suriya təhlükəsizlik qüvvələrini hədəf aldığı deyilir.
Suriya təhlükəsizlik qüvvələri SDQ hücumlarına cavab verib. Suriya Ordusu bölgəyə zirehli texnika cəlb edib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin SANA agentliyinə verdiyi məlumata görə Suriya ordusu SDQ-nin bir neçə mövqeyini zərərsizləşdirdikdən və mülki şəxslərin uzaqlaşdırılması üçün münaqişə zonasını daraltdıqdan sonra SDQ atəşi dayandırmağı əmr edib.
***
22:07
Hələbin şimalında Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya keçid hökumətinin qüvvələri arasında toqquşmalar baş verib və yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində on nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Ikhbariya” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, şiddətli atışmalar şəhərin şimal hissəsindəki Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinin kənarındakı təmas xəttinə yaxın ərazilərdən sakinlərin evakuasiya olunmasına səbəb olub.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə SDQ üzvləri atəşkəsi pozaraq Liramun və Şeyxin bölgələri yaxınlığındakı hökumət mövqelərinə hücum ediblər.
Hadisə nəticəsində iki təhlükəsizlik işçisi və üç mülki müdafiə qüvvələri əməkdaşı xəsarət alaraq xəstəxanaya aparılıb.


