Azərbaycanın aqrar sektorunda əmək münasibətlərinin tənzimlənməsi müzakirə edilib

Baş səhifə

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Azərbaycanın aqrar sektorunda əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən iclasda “Aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi: mövcud vəziyyət və növbəti addımlar” mövzusunda geniş müzakirələr aparılıb.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Nazir Məcnun Məmmədov aqrar sahədə əmək münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb, bildirib ki, dayanıqlı məşğulluğun təmin edilməsi, muzdlu işçilərin hüquqlarının qorunması, rəsmi məşğulluğun təşviq edilməsi və insan resurslarının inkişafı sektorun davamlı inkişafında mühüm rol oynayır. Nazir qeyd edib ki, dövlətin həyata keçirdiyi proqramlar və dəstək mexanizmləri ilə yanaşı, əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Şuranın sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə əmək münasibətlərinin inkişafı baxımından dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, işəgötürən və işçilər arasında şəffaf və sağlam əmək münasibətlərinin qurulmasının, eləcə də beynəlxalq təcrübədən istifadənin vacibliyini qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev aqrar sektorda əmək münasibətlərinin leqallaşdırılması, muzdlu işçilərin rəsmi qeydiyyatının genişləndirilməsi, əmək müqavilələrinin tətbiqinin təşviqi, sosial sığorta mexanizmlərinin gücləndirilməsi və mövsümi məşğulluğun tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev isə aqrar sektorda əmək münasibətlərinin tənzimlənməsi mövzusunda təqdimatla çıxış edib. O, əməkhaqqı islahatlarının nəticələri, əmək münasibətlərinin elektronlaşdırılması, bu sahədə əldə olunmuş əsas nailiyyətlər, ƏMAS üzrə yeni funksionallıqlar, əmək qanunvericiliyində edilən yeniliklər, əməyin mühafizəsi sahəsində görülən tədbirlər, eləcə də “DOST Müfəttiş” layihəsinin tətbiqi barədə ətraflı danışıb.

Müzakirələr zamanı aqrar sahədə əmək münasibətlərinin şəffaflığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, muzdlu işçilərin sosial müdafiəsinin gücləndirilməsi və əmək münasibətlərinin daha effektiv tənzimlənməsi istiqamətində növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.