Azərbaycan energetikada süni intellektin tətbiqində əsas rol oynaya bilər – Boston Consulting Group (ÖZƏL MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan energetika sahəsində süni intellektin (Sİ) tətbiqində
mühüm rol oynaya bilər.

Bu barədə Trend
özəl müsahibəsində baş ofisi ABŞ-ın Boston şəhərində yerləşən
qlobal konsaltinq şirkəti “Boston Consulting Group”un (BCG)
idarəedici direktoru və tərəfdaşı Anton Aristov bildirib.

Aristov qeyd edib ki, Azərbaycanın böyük təcrübəyə malik olduğu
əsas sahələrdən biri energetikadır.

“Süni intellekti energetika sahəsində dərin bilik və təcrübə
ilə, xüsusən də neft-qaz sektoru və daha geniş mənada enerji keçidi
kontekstində birləşdirəndə, güclü bazar potensialı
formalaşdırırsınız. Məhz burada Azərbaycan süni intellektin
tətbiqinin irəlilədilməsində həlledici rol oynaya bilər. Xəzər Süni
İntellekt İnstitutunu (Caspian AI Institute) yaradarkən əsas
götürdüyümüz ikinci ideya isə onun fəaliyyətinin belə bir prinsip
üzərində qurulması idi: resursların 70 faizi energetika sahəsində
praktiki keyslərə, qalan 30 faizi isə qlobal ictimaiyyət üçün
аktual olan qabaqcıl texnologiyaların sərhədlərini genişləndirən
tədqiqatlara yönəldilməlidir.

Buradakı məntiq sadədir. Əgər yalnız milli enerji şirkəti üçün
аktual olan keyslərə fokuslansanız, çox tez bir zamanda institut,
əslində, artıq bir çox təşkilatlarda mövcud olan adi bir “Sİ
departamenti”nə çevriləcək. Əksinə, resursların 30 faizinin qlobal
maraq doğuran tədqiqatlara ayrılması beynəlxalq arenada əhəmiyyətli
qalmağa və MIT, Stanford, Berkeley və Imperial College kimi aparıcı
institutlarla əməkdaşlıq imkanları əldə etməyə şərait yaradır. Bu,
sizə bir növ “daxilolma bileti” qazandırır. Məhz bu yanaşma bizim
innovativ və perspektivli tədqiqat layihələrini seçməyimizi
müəyyənləşdirir. Bunlardan biri AutonomousLab.AI-dir, lakin,
əlbəttə ki, yeganə layihə deyil”, – deyə o izah edib.

Aristov əlavə edib ki, bu yaxınlarda Dubayda (BƏƏ) Azərbaycanın
dövlət neft şirkəti SOCAR “Caspian AI Institute” ilə birgə
innovativ bir yeniliyi təqdim edib – süni intellektin köməyi ilə
yaradılmış, karbon qazının tutulması üçün nəzərdə tutulan ion
mayesini. Bu maddə emissiyaların azaldılması prosesinin
səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilir.

“Lakin bu innovasiya yalnız konkret bir maddənin hazırlanması
ilə məhdudlaşmır. O, süni intellektin prinsipial olaraq yeni
kimyəvi birləşmələr yaratmaq qabiliyyətini nümayiş etdirir. Sistem
müəyyən bir sahədə mövcud kimyanı “anlayan” – bu halda CO₂-nin
tutulması üçün molekulları – əvvəlcədən öyrədilmiş modellər
ardıcıllığından istifadə edir. Bu qarşılıqlı əlaqəli modellər
karbon qazının tutulmasında istifadə olunan bütün elmi cəhətdən
sənədləşdirilmiş ion mayelər əsasında öyrədilib. Hazırda elmi
məlumat bazalarında bu cür təxminən 4 000 mayenin xüsusiyyətləri
təsvir olunub.

Bu məlumat bazası əsasında təlimdən sonra süni intellekt
qarşısında yeni molekullar hazırlamaq vəzifəsi qoyulub. Nəticədə o,
təxminən 400 000 alternativ yaradıb ki, bu da hazırda mövcud
olanlardan demək olar ki, 100 dəfə çoxdur. Süni intellekt
tərəfindən yaradılmış bu nəhəng yeni molekullar bankı
tədqiqatçılara onların xüsusiyyətlərini hesablama yolu ilə
proqnozlaşdırmağa və ən perspektivli olanları diqqətlə seçməyə
imkan verir. Söhbət əvvəllər heç vaxt sintez olunmamış və potensial
olaraq CO₂-ni daha yüksək səviyyədə udmaq qabiliyyətinə malik ola
bilən birləşmələrdən gedir”, – deyə o izah edib.

Aristov bildirib ki, artıq təxminən 40 molekul-namizəddən ibarət
portfel formalaşdırılıb və ehtimal olunur ki, onlar sənayedə
hazırda istifadə olunan birləşmələrlə müqayisədə CO₂-ni 50 faiz
daha çox uda biləcəklər.

“Bu siyahıdan bir neçəsini seçərək İspaniyada laboratoriya
şəraitində sintez etdik. Laboratoriya sınaqları onların həqiqətən
də hazırda sənayedə tətbiq olunan molekullardan daha effektiv
olduğunu təsdiqlədi. Bir tərəfdən, biz CO₂-ni xeyli daha səmərəli
tutan birləşmələrin bariz nümunəsini görürük. Digər tərəfdən isə
müxtəlif istiqamətlərdə prinsipial olaraq yeni kimya yaratmaq
imkanına malik bir mexanizm əldə etmişik. Məsələn, bu, korroziya
inhibitorları, sürtkü materialları üçün qatqılar və sənayedə
tələbat olan digər kimyəvi sahələr ola bilər.

Əslində, sahə-sahə irəliləmək mümkündür: mövcud olan bütün
məlumat bazası üzərində modeli öyrətmək, yeni molekullar yaratmaq,
proqnozlara görə mövcud analoqlardan üstün olmalı olanları seçmək,
onları sintez etmək, laboratoriyada sınaqdan keçirmək və daha sonra
istehsala çıxarmaq. Məhz bu cür bir “mühərrik” “Caspian AI
Institute”da yaradılıb. İndi o, enerji şirkətlərini dəstəkləyərək
sistemli şəkildə – bir kimyəvi sahədən digərinə doğru – irəliləyə
bilər. Müəyyən mənada bizim ambisiyamız “Chemistry 2.0 for Energy
Companies” yaratmaqdır: enerji sektoru üçün vacib olan bir neçə
kimyəvi istiqamətdə eyni anda keyfiyyətcə sıçrayış”, – deyə o
bildirib.

Aristov qeyd edib ki, məhsul tamamilə yenidir və hazırda xüsusi
modelləşdirmə alətləri vasitəsilə sınaqdan keçirilir.

“Əgər bu sınaqlar müsbət nəticə versə, növbəti mərhələyə –
mühəndislərin cəlb olunmasına və onların bu yeniliyi real istehsal
şəraitində sınaqdan keçirməyə hazır olub-olmadıqlarının
qiymətləndirilməsinə keçəcəyik. Adətən yeni bir kimyəvi birləşmənin
yaradılması təxminən on il çəkir, lakin biz bunu təxminən üç aya
nail olmuşuq. Növbəti çağırış laboratoriya eksperimental işləridir.
Məhz buna görə biz bu prosesləri avtomatlaşdırmağa və 24/7
rejimində işləyən, molekulları sintez edən və uğur və ya uğursuzluq
barədə real vaxt rejimində geribildirim verən tam robotlaşdırılmış
laboratoriya yaratmağa çalışırıq. Biz əminik ki, süni intellektin
generativ imkanlarının robotlaşdırılmış avtomatlaşdırma ilə
birləşdirilməsi yeni materialların hazırlanmasını köklü şəkildə
sürətləndirəcək”, – deyə o əlavə edib.

Azərbaycanın regional innovasiya mərkəzinə
çevrilməsi

“Azərbaycanı regional innovasiya mərkəzinə çevirmək üçün əsas
prioritetimiz qlobal süni intellekt ekosistemi ilə dayanıqlı
əlaqələrin qurulmasıdır. Biz “Silikon Vadisi”ndən olan
investorlarla işləyirik və layihənin müstəqil şəkildə, geniş
miqyasda inkişaf edə bilməsi və nəticə etibarilə digər enerji
şirkətlərinə də xidmət göstərməsi üçün vençur kapitalını cəlb
etməyə çalışırıq. İlk pilot layihəmiz təsdiqləndikdən sonra,
Azərbaycanda yaradılmış – burada hazırlanmış və Azərbaycan enerji
sektorunun vəzifələri üzərində sınaqdan keçirilmiş – bilikləri
dünyaya ixrac edə biləcəyik”, – deyə o bildirib.

Aristov hesab edir ki, bu proses əks istiqamətdə də işləyə
bilər.

“Bu gün beynəlxalq mütəxəssislər üçün ABŞ-da iş icazəsi almaq
getdikcə çətinləşir. Belə şəraitdə biz süni intellekt üzrə
ekspertlər üçün yerli imkanlar yarada, Azərbaycanın ən cəlbedici
regionlarından birində innovasiya mərkəzi formalaşdıra və dünyanın
hər yerindən istedadları buradan işləməyə dəvət edə bilərik. Bu,
Bakı ilə süni intellektin inkişafında dünyanın ən böyük
mərkəzlərindən biri arasında real iki tərəfli bir dəhlizə çevrilə
bilər. Bunun üçün “Silikon Vadisi” icmasında tanınmağa nail
olmalıyıq: orada bir neçə startap yaratmaq, ictimai mövqelənməni
formalaşdırmaq və Azərbaycanın perspektivli innovasiyaların mənbəyi
kimi statusunu möhkəmləndirmək. Başqa sözlə, Bakı ilə “Silikon
Vadisi” arasında real bir körpü qurmaq”, – deyə o bildirib.

Aristov vurğulayıb ki, bu gün Azərbaycan süni intellekt
sahəsində dünya liderləri ilə eyni sırada dayanır və ADIPEC Tech
texnologiya konfransında öz inkişaflarını qürurla təqdim edir.

BCG-nin tərəfdaşı və direktoru Konstantin Polunin isə qeyd edib
ki, Avropada innovasiyalar sahəsində dəyişikliklərin sürəti yetərli
deyil, halbuki Azərbaycan və Mərkəzi Asiya ölkələri bu istiqamətdə
daha sürətlə inkişaf edir.




“Avropa daha sürətlə hərəkət edən və maraqlı həllər təklif
edənlərdən çox şey öyrənə bilərdi. Mən hesab edirəm ki,
Azərbaycanın uğur qazanmaq üçün bütün imkanları var – sadəcə ona
görə ki, o, daha sürətli və çevik davranır, dövlət isə bütün bu
prosesi əhəmiyyətli dərəcədə dəstəkləmək gücünə malikdir.
İdeyalardan biri qabaqcıl təcrübə və innovasiya mərkəzlərinin –
istedadları, kapitalı, miqyası və texnoloji tətbiq imkanlarını cəlb
edən habların yaradılması ola bilər. Düşünürəm ki, SOCAR-ın “Caspian AI Institute”u belə bir mərkəzin prototipi rolunu oynaya
bilər”, – deyə o bildirib.

Aristov isə vurğulayıb ki, xüsusi iqtisadi zonalar və “yaşıl”
zona innovativ məkanlar, ilk belə hab üçün ən uyğun namizədlərdir.
“Əgər biz data-sayentistlərə və data-mühəndislərinə müəyyən
imtiyazlarla Azərbaycanda işləmək imkanı yaratsaq, bu, xüsusilə
qlobal habla körpü qurulduğu halda, ciddi müsbət effekt verə
bilər”.

Süni intellektin köməyi ilə neft emalı və kimya
sənayesində dekarbonizasiyanın sürətləndirilməsi

Aristov qeyd edib ki, SOCAR son iki il ərzində ciddi irəliləyiş
əldə edib – təkcə emissiyaların azaldılması üzrə aydın hədəflər
müəyyən etməyib, həm də bu emissiyaların konkret olaraq haradan
qaynaqlandığını dərindən anlamağa başlayıb.

“Mən əminəm ki, təsir göstərə biləcəyimiz daha bir vacib
istiqamət istifadə olunan kimyadır. Məqsədimiz bu kimyəvi
materialların istehsalına sərf olunan enerji xərclərini azaltmaq,
onları daha az karbon tutumlu və daha səmərəli etməkdir. Bu
transformasiyanı Azərbaycanda başlatmaq və sonra onu ölkə
hüdudlarından xeyli kənara miqyaslandırmaq mümkündür”, – deyə o
bildirib.

Eksperimental süni intellektdən praktik tətbiqə
keçid

Polunin qeyd edib ki, eksperimentlərdən sənayedə tətbiq oluna
bilən, kommersiya baxımından həyat qabiliyyətli həllərə qədər olan
yol adətən illər çəkir.

“Mən hesab edirəm ki, ilkin mərhələnin radikal şəkildə
sürətləndirilməsi sayəsində təkcə kimya sahəsində kommersiya
baxımından uğurlu məhsullar əldə etmək deyil, həm də bu kimyəvi
həllərin və texnoloji imkanların ixracına çıxmaq mümkündür.
Azərbaycan öz tətbiqi həllərini sıfırdan yaratmadan, lazımi
səriştələrə malik olan və praqmatik texniki həllər hazırlamağa
hazır sənaye tərəfdaşları ilə dünya üzrə əməkdaşlıq edə bilər. Yeni
kimyanın miqyaslandırılması yüksək texniki ekspertiza tələb edən
uzunmüddətli prosesdir. Əgər düzgün tərəfdaşlar cəlb olunsa, uyğun
şəbəkə qurulsa, doğru lisenziyalaşdırma modeli seçilsə və ilk
məhsul bazara çıxarılsa, bu, Azərbaycanın irəliyə doğru hərəkəti,
digər imkanları və digər molekulları sınaqdan keçirməsi üçün impuls
yaradacaq.

Bizim artıq yanaşmanın həyat qabiliyyətini sübut edən bir
molekulumuz var. Bəli, onun texnoloji tətbiq səviyyəsinə qədər
miqyaslandırılması üçün uzun yol var, lakin bu, tərəfdaşlar
məsələsidir və bu texnologiyanın sınağı üçün öz imkanlarının
açılması ilə bağlıdır. Bundan sonra dünya bazarı üçün kommersiya
cəhətdən cəlbedici ixrac məhsulu yaratmaq mümkün olacaq. Bu yol,
Azərbaycanın miqyaslandırmanı təkbaşına həyata keçirməyə
çalışmasından xeyli daha sürətli ola bilər”, – deyə o bildirib.

Seysmik işlərin icrası üçün tələb olunan vaxtın
azaldılması

Aristov bildirib ki, layihələrdən biri seysmik işlərin
aparılması üçün tələb olunan vaxtın kəskin şəkildə azaldılmasına
yönəlib.

“Biz mürəkkəb peşəkar proqram təminatı ilə işləyən yerin
təkindən istifadə üzrə mühəndislərin üzərindəki rutin yükü
azaldırıq. Süni intellekt agenti bu proqram təminatının interfeysi
üzərində birbaşa fəaliyyət göstərir – məlumatları daxil edir,
düymələri sıxır, səhvləri aşkar edir, qərarlar qəbul edir və
insan-ekspertin keçdiyi eyni iş marşrutlarını izləyir, lakin bunu
fasiləsiz və yüksək sürətlə edir. Bu cür yeni yanaşma sayəsində biz
peşəkar proqram təminatının özünü əvəz etmirik, onunla işləmək üçün
insanın yerinə yetirməli olduğu təkrarlanan əməliyyat
tapşırıqlarını aradan qaldırırıq”, – deyə o izah edib.

Aristov vurğulayıb ki, bu, mütəxəssislərə işlərinin intellektual
baxımdan daha mürəkkəb tərəflərinə fokuslanmaq üçün böyük imkanlar
açır.

“Belə bir sistem həm də ekspertlərin öz biliklərini süni
intellektə ötürməsinə imkan verir. Təcrübəli mütəxəssis təqaüdə
çıxmağa hazırlaşanda sual yaranır: onilliklər ərzində toplanmış
təcrübəni necə qorumaq olar? Yaxşı öyrədilmiş süni intellekt agenti
faktiki olaraq bu ekspertizanı “miras ala” və bütün biliklər
toplusunu tətbiq edərək işi davam etdirə bilər. Təlimdən sonra isə
onu çoxsaylı iş stansiyalarında çoxaltmaq mümkündür”.

Aristov qeyd edib ki, bu layihənin ilk prototipi artıq hazırdır.
“Növbəti addımımız onu genişləndirmək və seysmik məlumatların emalı
prosesinin müxtəlif mərhələlərini sürətləndirən süni intellekt
agentləri üçün “marketplace” yaratmaqdır. Bu, dünya üzrə
mütəxəssislərə iş proseslərinin hər konkret mərhələsi üçün məhz
lazım olan agenti yükləməyə imkan verəcək”, – deyə o bildirib.

Methane.AI

Aristov qeyd edib ki, BCG və SOCAR-ın birgə layihəsi olan
Methane.AI məlumatları toplayan, təhlil edən, metan emissiyalarının
mənbələrini və həcmlərini müəyyənləşdirən, həmçinin azaldılma
trayektoriyasını proqnozlaşdıran platformadır.

“Methane.AI-nin əsas xüsusiyyəti ondan ibarətdir ki, platforma
rəqəmsallaşma səviyyəsi aşağı olan şirkətlər üçün yaradılıb. O,
sahədə seçmə ölçmələr aparmağa və sonra əldə olunan nəticələri
infrastrukturun qalan hissəsinə ekstrapolyasiya etməyə imkan verir.
Platforma post-sovet ölkələrinin reallıqlarına ideal şəkildə
uyğunlaşdırılıb, çünki bu ölkələrdə aktivlərin böyük hissəsi hələ
də rəqəmsallaşdırılmayıb. Biz “Caspian Methane Accelerator”u
yaratmışıq – mahiyyət etibarilə bir neçə şirkəti birləşdirən
platforma. SOCAR, “KazMunayQaz” və “Uzbekneftegaz” artıq
iştiraklarını təsdiqləyiblər və biz digər şirkətlərin də
qoşulacağını gözləyirik. Məqsəd metan emissiyalarının azaldılması
üzərində birgə işləməkdir, çünki Methane.AI platforması bunun üçün
uyğun struktur və alətlər təqdim edir.

Accelerator vasitəsilə biz ümumi standartlar formalaşdırırıq –
metan sızmasının harada və hansı həcmdə baş verdiyini anlayırıq,
sonra isə hansı ölçmə növlərinin lazım olduğunu və infrastrukturun
ayrı-ayrı elementlərinin dəyişdirilməsi üçün hansı investisiyaların
tələb olunduğunu birgə müəyyən edirik. İnvestorlar bu cür
koordinasiyalı səylərə getdikcə daha çox maraq göstərirlər. Xəzər
regionunun şirkətləri üçün bu Accelerator metan emissiyalarının
azaldılması xərclərini birgə şəkildə aşağı salmağa imkan verən
güclü mexanizmə çevrilə bilər”, – deyə o yekunlaşdırıb.