Azad edilmiş ərazilərində kənd təsərrüfatı məhsulları üzrə yarmarkaların təşkili planlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatı
məhsulları üzrə yarmarkaların təşkili planlaşdırılır.

Trend xəbər verir
ki, bunu “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin
(ASC) İdarə Heyətinin üzvü Faiq Hüseynov jurnalistlərə
açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı müvafiq qərarlar qəbul edildikdə
rəsmi açıqlamalar ediləcək: “Azərbaycanın azad edilmiş ərazilərində
də belə yarmarkaların təşkil edilməsi planımızda var. Ümumilikdə,
həmin ərazilərdə bazar yerinin təşkili ilə bağlı işlər davam
etdirilir. Bu il Kəlbəcərdə Bal Festivalı keçirildi. Gələn il də
eyni festivalın daha böyük səviyyədə təşkilini planlaşdırırıq”.

F. Hüseynov eyni zamanda Bakıda Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində “Aqrar tədarük və təchizat” ASC təşkilatçılığı ilə
sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkasının fəaliyyətə
başlaması ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə,
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı
münasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək:
“Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında
istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə
alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər
sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin
etməkdir.




Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer,
təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini
satışa çıxarıb.

Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti
ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən
Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə
bilərlər”.

“Fermerlər burada satış üçün yer, piştaxta, tərəzi və digər
lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik”
metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında
yerləşir”, – deyə F. Hüseynov qeyd edib.