“Birbank”la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı

Baş səhifə

Bakı. Trend:

“Birbank”ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin
ictimai nəqliyyat sistemində yeniliklərin tətbiqi davam edir. Belə
ki, BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq
vətəndaşlar Bakı Metropoliteni ilə yanaşı, şəhərdaxili marşrut
avtobuslarında da gediş haqqını istənilən yerli banka məxsus
təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə
biləcəklər.

Yenilik ilk olaraq 500 nömrəli marşrut xəttində aktivləşdirilib
və hazırda sistem real istismar şəraitində sınaqdan keçirilir. Test
mərhələsinin ardından təməssız (NFC) ödənişləri ən qısa zamanda
mərhələli şəkildə digər “BakuBus” marşrut xətlərinə də tətbiq
ediləcək. Bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də
genişləndirilməsi planlaşdırılır.

Yenilik təkcə “Kapital Bank” müştərilərini deyil, bütün bank
sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də
təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”,
“Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və
“m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə
seçim azadlığı və rahatlıq təqdim edir.




Xatırladaq ki, “Birbank” və “BakıKart”ın birgə əməkdaşlığı ilə
daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı
yaradılıb. Sistemin tətbiqi nəticəsində “Birbank” mobil tətbiqində
yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində
metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını
fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Həmçinin, ötən aydan
etibarən şəhər sakinləri metro gedişlərini istənilən yerli banka
məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə həyata
keçirirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital
Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə
daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.