“The Oligarch’s Design” sənədli filmi təqdim edilib

Baş səhifə

Bakı. Trend:

Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq
Televiziyasının araşdırma seriyasından olan “The Oligarch’s Design”
sənədli filminin rəsmi nümayişi keçirilib.

Trend xəbər
verir ki, təqdimatda Milli Məclisin deputatları, Azərbaycanın
televiziya kanallarının, informasiya agentliklərinin, media
subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak
ediblər.

“AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət
Həmzəyev sənədli ekran əsəri barədə məlumat verib. Onun sözlərinə
görə, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZ
Investigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli film
beynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündə
ehtiva edən ekran işidir.

“The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvar
ayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi
10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxın
jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlb
olunub.

Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri Ruben
Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib
bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində
fəaliyyətə başlaması prosesinə həsr olunub. Bu proseslər
Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və
müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər
və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

Həmçinin diqqətə çatdırılıb ki, “AnewZ Investigations”
platforması vasitəsilə kanal uzunmüddətli araşdırma
jurnalistikasını dərinləşdirməni, yoxlanılmış məlumatlara əsaslanan
yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən
kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını
prioritet kimi müəyyənləşdirir.

“AnewZ” Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şoun
çıxışında filmin 4 əsas istiqamətdən ibarət olduğunu deyib:




“Birinci fəsil maliyyə arxitekturasına həsr olunub. Araşdırmalar
Böyük Britaniya, Litva və Amerika Birləşmiş Ştatlarında aparılıb və
“Troyka” sistemi çərçivəsində ofşor strukturlar, vasitəçi banklar
və “qabıq” şirkətlərin fəaliyyəti araşdırılır. İkinci fəsil
xeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır.
Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistanda
aparılıb. Bu fəsil xeyriyyə narrativlərinin elit siyasi və mədəni
mühitlərlə necə kəsişdiyini beynəlxalq legitimlik və reputasiyanın
hansı mexanizmlərlə formalaşdığını nümayiş etdirir. Üçüncü fəsil
Ukraynada müharibə şəraitində hazırlanıb. Rusiyanın genişmiqyaslı
işğalı fonunda logistika sanksiyaları və maliyyə şəbəkələrini
təhlil edir. Bu hissə sahə reportajına təhlükəsizlik yanaşmasına və
siyasətçilərlə analitiklərin birbaşa şahid ifadələrinə əsaslanır.
Dördüncü və son fəsil yenidən Cənubi Qafqaz regionuna qayıdır.
Azərbaycan və Ermənistanda aparılan çəkilişlər xarici maliyyə və
siyasi mexanizmlərin regional səviyyədə siyasi və təhlükəsizlik
mühitinə real təsirlərini ortaya qoyur”.

O qeyd edib ki, bütün fəsillər demək olar ki, eyni prinsiplərlə
hazırlanıb. Film sübut və kontekst təqdim edir. Lakin nəticələri
diktə etmir.

Sonra qonaqlar “The Oligarch’s Design” sənədli filmini
izləyiblər.

Film xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş
narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla
biləcəyini araşdırır.

Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub.
Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış
şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr
aparılıb.

Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat),
eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır.
Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarla
dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi
təsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyi
materiallar filmin faktoloji əsasının tərkib hissəsini təşkil
edir.