
Bakı. Trend:
Biz artıq imtahan proqramlarını çap etmişik, yaxın zamanda model
testlər də nəşr olunacaq. Amma maraqlıdır ki, heç kim bu
proqramların məktəb dərslikləri ilə uyğun olub-olmadığını,
kurikulumla nə dərəcədə əlaqəli olduğunu müzakirə etmir.
Bunu Trend-ə
müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri
Məleykə Abbaszadə bildirib.
O, bu cür müzakirələrin məhz imtahan ərəfəsində başlamasının
təsadüfi olmamasına diqqət çəkib:
“Biz isə istəyirik ki, məhz bu məqamlar gündəmə gətirilsin və
öncədən açıq şəkildə müzakirə olunsun. Niyə bu cür müzakirələr
həmişə imtahan ərəfəsində və ya imtahandan bir gün sonra başlayır?
Bu, bəzi şəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş
verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil
eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti
haqqında fikir bildirir”.


