
Bakı. Trend:
Naxçıvanda vəkillərin intizam məsuliyyətinə cəlb edilmə
qaydalarında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilən
plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının
Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, vəkilin il ərzində minimal icbari
tədris saatlarının toplanmaması halları aşkar olunduqda o,
intizam məsuliyyətinə cəlb ediləcək.
Həmçinin, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun
aşkar edildiyi gündən bir il (hazırkı müddət
altı aydır), törədildiyi gündən isə iki
il (hazırkı müddət bir ildir) müddətində
tətbiq edilə biləcək.
Bununla yanaşı, vəkillərin İntizam Komissiyası intizam
icraatının başlandığı gündən üç ay müddətində
vəkilin iştirakı ilə araşdırma aparacaq və müvafiq rəyini Vəkillər
Kollegiyasının Rəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanın
aparılmasına zərurət yaranarsa, həmin müddət üç
ayadək uzadıla biləcək.
Bundan əlavə, vəkillərin İntizam Komissiyasının rəyi
əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə
aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə
biləcək:
- xəbərdarlıq;
- töhmət;
- üzvlük haqqının 10 misli həcmində cərimə;
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol
verilməsinə və ya vəkil etikasına dair tələblərin üç
dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və
vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam
tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir
il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın
dayandırılması; - vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl
gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı
normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq
pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə
Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.
Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı
Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və
Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri
rəhbər tutulacaq.
Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata
başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya
başlanılmış icraata xitam veriləcək.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə
qərarından bir ay müddətində məhkəməyə şikayət
verilə biləcək.


