
Bakı. Trend:
2025-ci ilin 18 dekabr tarixində Mexiko şəhərinin tanınmış
“Milli Auditoriya” konsert zalında Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının baş dirijoru, Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrının dirijoru, Respublikanın əməkdar artisti
Əyyub Quliyevin dirijorluğu ilə P.İ.Çaykovskinin unudulmaz “Şelkunçik” baletinin möhtəşəm premyerası baş tutub.
Trend xəbər
verir ki, azərbaycanlı dirijorun layihədə iştirakı Heydər Əliyev
Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin
Meksikadakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Meksika Mədəniyyət Nazirliyi nəzdində İncəsənət və Ədəbiyyat
Milli İnstitutunun (INBAL) İncəsənət Teatrının orkestrı və Milli
Rəqs Qrupunun balet truppası tərəfindən ifa olunmuş baletin ilk
nümayişi anşlaqla keçib.
Baletin səhnələşdirilməsində Milli Rəqs Qrupunun aparıcı üzvləri
ilə bərabər uşaqlardan ibarət balet ifaçıları da iştirak edib.
Layihəyə ümumilikdə yüzdən çox balet ifaçısı, həmçinin səksəndən
artıq musiqiçinin iştirak etdiyi orkestr cəlb olunub.
Yetmiş ildən çox tarixi olan İncəsənət Teatrının orkestrı
ölkənin aparıcı musiqi kollektivlərindən biridir. On min tamaşaçı
tutumuna malik “Milli Auditoriya” isə Latın Amerikası regionunun,
habelə dünyanın böyük və əhəmiyyətli konsert zallarından biri hesab
olunur və ölkə miqyasında vacib tamaşaların çoxuna ev sahibliyi
edir.
Meksikanın aparıcı mədəniyyət qurumlarının təşkilatçılığı ilə
həyata keçirilən bu cür mötəbər layihəyə ilk dəfədir ki,
azərbaycanlı dirijor dəvət olunur. Zəngin və parlaq Azərbaycan
dirijorluq məktəbinin nümayəndəsi Ə.Quliyevin çıxışı Latın
Amerikası tamaşaçısını heyran edib.
Təşkilatçıların bildirdiyinə görə, 23 dekabra qədər on dəfə
səhnələşdiriləcək baletin bütün seanslarına biletlər artıq satılıb.
Ümumilikdə təqribən yüz min tamaşaçının iştirakı gözlənilir.


