
Ankara. Trend:
Türk dövlətlərinin dezinformasiya qarşısında dayanıqlı
kommunikasiya sisteminə ehtiyacı var.
Trend xəbər verir
ki, bunu Baku Network Analitik Mərkəzinin direktoru, Trend
beynəlxalq informasiya agentliyinin direktor müavini, analitik və
ekspert Elçin Ağacanov Ankarada keçirilən Türk Dövlətlərinin
Dezinformasiya ilə Mübarizə Forumu çərçivəsində “TRT Avaz”
telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, dezinformasiya bu gün təkcə media problemi
deyil, həm də dövlətlərə və cəmiyyətlərə qarşı siyasi, ideoloji və
psixoloji təzyiqin tamhüquqlu alətinə çevrilib.
Onun sözlərinə görə, müasir dezinformasiya kampaniyaları
sistemli xarakter daşıyır və milli təhlükəsizliyin sarsıdılmasına,
ictimai rəyin təhrifinə və regional sabitliyin pozulmasına
yönəlib.
“İnformasiya məkanı artıq neytral mühit olmaqdan çıxıb. O,
yalançı narrativlərin, manipulyasiyaların və faktların
saxtalaşdırılmasının hibrid strategiyaların elementi kimi istifadə
edildiyi məqsədyönlü qarşıdurma arenasına çevrilib. Belə şəraitdə
türk dövlətlərinin epizodik informasiya mübadiləsinə deyil,
qurulmuş, dayanıqlı və institusional cəhətdən möhkəmləndirilmiş
kommunikativ əməkdaşlıq sisteminə ehtiyacı var”, – deyə Elçin
Ağacanov vurğulayıb.
O qeyd edib ki, türk dövlətlərinin vahid kommunikasiya
ekosisteminin formalaşdırılması informasiya təhdidlərinin
qiymətləndirilməsinə dair razılaşdırılmış yanaşmalara, birgə
analitik mexanizmlərin inkişafına, eləcə də dövlət və qeyri-dövlət
aktorlarının fəaliyyətinin əlaqələndirilməsinə əsaslanmalıdır.
Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə sahəsində –
operativ məlumatların və qabaqcıl təcrübələrin mübadiləsindən
tutmuş birgə təhsil və tədqiqat layihələrinin həyata
keçirilməsinədək – institusional əməkdaşlığa xüsusi diqqət
yetirilməlidir.
Qeyd edək ki, forumda informasiya siyasətinə məsul olan
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan,
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət
qurumlarının yüksək vəzifəli nümayəndələri, KİV rəhbərləri və
ekspertləri, strateji kommunikasiyalar üzrə mütəxəssislər, eləcə də
akademik ictimaiyyətin və analitik mərkəzlərin nümayəndələri
iştirak edirlər.
Tədbirin əsas məqsədi türk dövlətləri arasında səmərəli
qarşılıqlı fəaliyyət platformasının formalaşdırılması və müasir
hibrid informasiya mühiti şəraitində dezinformasiya təhdidlərinə
qarşı institusional əməkdaşlığın gücləndirilməsidir.
Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,
ictimai şüurun formalaşmasına və regional sabitliyə təsiri,
həmçinin rəqəmsal mühitdə birgə fəaliyyətin praktik mexanizmləri
müzakirə olunur.
Forum Türk Dövlətləri Təşkilatının informasiya sahəsində 2025-ci
il üzrə Fəaliyyət Planına uyğun olaraq keçirilir və
dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan
məsuliyyətli istifadə, beynəlxalq yayımın inkişafı və yeni nəsil
jurnalistikanın formalaşdırılması sahələrində bilik və təcrübə
mübadiləsi üçün dayanıqlı platformaya çevrilməsi nəzərdə
tutulur.
Forum iştirakçıları Ankarada işlənib hazırlanmış yanaşma və
tövsiyələrin türk dövlətlərinin informasiya suverenliyinin
möhkəmləndirilməsinə və müasir informasiya çağırışları qarşısında
onların kollektiv dayanıqlığının artırılmasına töhfə verəcəyinə
əmin olduqlarını bildiriblər.


