Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa
İttifaqına üzv 27 ölkənin liderlərinə Mercosur ölkələri ilə azad
ticarət sazişinin imzalanmasının yanvar ayına qədər təxirə
salındığını bildirib.
Trend xəbər verir
ki, bu barədə diplomatik mənbələrə istinadən məlumat yayılıb. Qərar
Brüsseldə keçirilən Avropa sammiti fonunda qəbul olunub. Həmin gün
Brüsseldə bir neçə Avropa ölkəsindən olan fermerlər sazişə etiraz
olaraq gün ərzində Avropa Komissiyasının binaları qarşısında aksiya
keçiriblər. Fermerlər hesab edirlər ki, müqavilənin şərtləri onları
Cənubi Amerika ölkələrindən idxal olunan məhsullarla rəqabət
qarşısında kifayət qədər qorumur.
Razılaşmanın təxirə salınmasına Braziliya Prezidenti Lula da
Silva da dolayı yolla dəstək verib. O, İtaliyanın Baş naziri Corcia
Meloni ilə telefon danışığından sonra bir qədər səbirli olmağın
vacibliyini qeyd edib. Meloni isə İtaliyanın yekunda sazişi
dəstəkləyəcəyinə dair vəd verib.
Bu gecikmə sazişin yaxın günlərdə imzalanmasını istəyən Avropa
Komissiyası, Almaniya və İspaniya üçün uğursuzluq kimi
qiymətləndirilir. Ursula fon der Lyayen razılaşmanı Braziliyanın
Fos-du-İquasu şəhərində keçiriləcək Mercosur sammiti zamanı
imzalamağı planlaşdırsa da, Fransa və İtaliyanın etirazı səbəbindən
Brüsseldə zəruri çoxluğu təmin edə bilməyib.

