
Bakı. Trend:
Seneqal və Fil Dişi Sahili milli komandalarının azarkeşləri
2026-cı ildə ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatının
oyunlarına səfər planlaşdırarkən ciddi çətinliklərlə üzləşə
bilərlər.
Trend xəbər verir
ki, buna ABŞ prezidenti Donald Trampın ölkəyə girişlə bağlı
imzaladığı yeni məhdudiyyətlər səbəb olub.
Qərara əsasən, bir sıra ölkələrin, o cümlədən Seneqal və Fil
Dişi Sahili vətəndaşlarının ABŞ-yə həm immiqrasiya, həm də
qeyri-immiqrasiya vizaları ilə, turist və biznes vizaları daxil
olmaqla, müvəqqəti girişinə qadağa qoyulub. Məhz bu viza
kateqoriyalarından futbol azarkeşləri adətən beynəlxalq turnirləri
izləmək üçün istifadə edirlər.
Sənəddə istisnalar yalnız futbolçular, məşqçilər və onların ən
yaxın qohumları üçün nəzərdə tutulub. Azarkeşlər isə bu
imtiyazlardan yararlana bilmirlər. Qeyd olunur ki, daha əvvəl oxşar
məhdudiyyətlər İran və Haiti vətəndaşlarına da tətbiq edilib.
Bununla belə, hər iki Afrika millisinin bəzi oyunları Kanadada
keçiriləcək. Bu isə azarkeşlərə komandalarını ABŞ-dən kənarda canlı
izləmək imkanı yaradır. Hazırda futbol federasiyalarının
nümayəndələri, FİFA və DÇ-2026-nın təşkilatçıları məsələ ilə bağlı
rəsmi açıqlamaları gözləyirlər.

