Bakı. Trend:
Argentinanın paytaxtının mərkəzində minlərlə insan əmək
qanunvericiliyində planlaşdırılan islahatlara etiraz etmək üçün
prezident sarayının qarşısında toplaşıb.
Trend xəbər verir
ki, aksiya ölkənin ən böyük həmkarlar ittifaqlarını birləşdirən
Ümumi Əmək Konfederasiyası tərəfindən təşkil olunub. İşçi
birlikləri sarayın qarşısındakı meydana sütunlar şəklində toplaşıb
və burada ÜƏK rəhbərliyinin çıxışları üçün səhnə qurulub.
Etirazçıların daşıdığı bannerlərdə hökumətin siyasəti və
qarşıdan gələn islahatlar tənqid olunur. Plakatlarda “Ölkəni idarə
etmək iş yerləri yaratmaq deməkdir, qalan hər şey nağıldır”,
“İşçiləri hüquqsuz və kölə edən islahatlara yox” və “İş yerləri
olmadan yalnız aclıq olacaq” kimi şüarlar yer alıb. Nümayiş
indiyədək dinc şəraitdə davam edir.
Hakimiyyət orqanları yolların bağlanmayacağını bildirsə də,
etirazçı sütunları əsas küçələr boyunca sakit şəkildə hərəkət
edir.
Qeyd edək ki, ötən həftə Argentina prezidenti Xavyer Miley
Konqresə əmək islahatı ilə bağlı qanun layihəsi təqdim edib. Sənəd
işəgötürənlər üçün daha çox çeviklik nəzərdə tutur, əmək
mübahisələri üzrə məhkəmə iddialarının əsaslarını daraldır və tətil
hüququna müəyyən məhdudiyyətlər gətirir.

