Avropa Parlamenti real sülh gündəliyinə qarşı: Brüssel–İrəvan xəttinin Cənubi Qafqaz sabotajı — ŞƏRH

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamentində Azərbaycanla bağlı təşkil edilən dinləmələr
mahiyyət etibarilə insan haqları və ya demokratik dəyərlərlə bağlı
deyil. Bu dinləmələr ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə
formalaşdırılmış və hazırda Vaşinqtonun rəsmi xarici siyasət
xəttinə çevrilmiş real sülh gündəliyinə qarşı Avropa
İttifaqı–Ermənistan siyasi sabotaj oxunun sistemli müqavimətinin
tərkib hissəsidir. Avropa Parlamenti bu prosesdə müstəqil və
obyektiv institut kimi deyil, ideoloji və geosiyasi maraqların
icraedici platforması qismində çıxış edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü Elçin Mirzəbəyli
deyib.

Millət vəkili vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın
birbaşa siyasi iradəsi ilə irəli sürülmüş sülh gündəliyi Cənubi
Qafqazda postmünaqişə mərhələsinin əsas konturlarını
müəyyənləşdirir. Bu gündəliyin əsas sütunlarından biri olan TRIPP
layihəsi dövlətlərin ərazi bütövlükləri, sərhədlərinin
toxunulmazlığı və suverenlikləri ilə bağlı qarşılıqlı tanınma,
kommunikasiyaların açılması, təhlükəsizlik mexanizmlərinin
institusionallaşdırılması və regional iqtisadi inteqrasiyanı
nəzərdə tutur:

“Lakin Aİ ilə Ermənistan arasında qəbul edilmiş son sənədlərdə
TRIPP layihəsinə istinadın tamamilə kənarda saxlanılması texniki
boşluq deyil, şüurlu geosiyasi seçimdir. Brüssel və İrəvan
Vaşinqton formatını prosesdən kənarlaşdırmağa, onu Paris–Brüssel
mərkəzli, lakin real nəticə verməyəcək alternativ gündəmlə
əvəzləməyə çalışır”.

Deputatın sözlərinə görə, Avropa İttifaqı daxilində
fəaliyyət göstərən sorosçu şəbəkələr, radikal liberal dairələr və
“voukist” ideoloji qruplar milli suverenliyə əsaslanan real
siyasəti qəbul etmirlər. Bu qruplar üçün ayrı-ayrı regionlarda
həqiqi sülh deyil, idarə olunan gərginlik, dondurulmuş münaqişələr
və xarici təsir mexanizmlərinin qorunması daha əlverişlidir. Məhz
onların təsiri altında Aİ institutları Cənubi Qafqazda yaranmış
tarixi fürsəti dəstəkləmək əvəzinə, onu zəiflətməyə yönəlmiş
ritorika və siyasi alətlərdən istifadə edirlər:

“Avropa Parlamentinin Azərbaycana münasibətdə tutduğu mövqe
epizodik xarakter daşımır, illər ərzində formalaşmış sistematik
qərəzin nəticəsidir. İşğal dövründə bu təsisat Azərbaycanın ərazi
bütövlüyünə münasibətdə, ən yaxşı halda susqunluq və riyakarlıq
nümayiş etdirib, beynəlxalq hüququ selektiv şəkildə tətbiq etməyə
çalışıb. Vətən müharibəsinədək Avropa Parlamenti Gürcüstan, Ukrayna
və Moldovanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyi halda,
Azərbaycan mövzusunda bu prinsipdən yayınıb. Müharibədən sonra isə
eyni qurum revanşist ritorika ilə çıxış edərək yeni regional
reallıqları qəbul etmədiyini açıq şəkildə ortaya qoyub.

Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının EUMA
missiyası nə ATƏT mandatına malikdir, nə də region dövlətləri
arasında razılaşdırılmış hüquqi çərçivəyə söykənir. Bu missiya
sülhməramlı mexanizm deyil, siyasi müşahidə adı altında təsir və
təzyiq alətidir. Onun fəallaşması Aİ-nin neytral əlaqələndirici
yox, birbaşa tərəf kimi çıxış etdiyini və bölgədə yeni gərginlik
ocaqları yaratmağa çalışdığını təsdiqləyir.

Aİ-nin Ermənistanla koordinasiyalı fəaliyyəti Vaşinqtonda əldə
edilmiş razılaşmaların faktiki olaraq sıradan çıxarılmasına
yönəlib. ABŞ-nin liderliyi ilə irəliləyən sülh prosesi konkret yol
xəritəsinə və nəticəyönlü mexanizmlərə əsaslandığı halda,
Paris–Brüssel xətti daha çox bəyanatlar, şərti yanaşmalar və
Ermənistanı himayə edən mövqe ilə seçilir. Bu yanaşma regionun real
ehtiyaclarından deyil, Aİ-nin itirilmiş geosiyasi subyektliyini
kompensasiya etmək cəhdlərindən qaynaqlanır”.

E.Mirzəbəyli bildirib ki, Avropa İttifaqının beş Azərbaycan
gəmisinə qarşı sanksiya tətbiq etməsi də hüquqi və siyasi baxımdan
əsassızdır:

“Əgər məqsəd Rusiyaya qarşı sanksiyaların real icrasıdırsa,
Yunanıstan və Kiprə məxsus enerji daşıyan gəmilər, eləcə də
Almaniyanın Rusiyadan davam edən iri həcmli neft idxalı əsas diqqət
mərkəzində olmalı idi. Avropada istehsal olunan elektronikanın
Ermənistan vasitəsilə Rusiyaya ötürülməsi və Ukraynaya qarşı
müharibədə istifadə edilməsi isə Aİ-nin göz yumduğu açıq sanksiya
pozuntusudur. Boru kəməri qazının azaldılıb, maye qaz idxalının
əhəmiyyətli dərəcədə artırılması da bu riyakarlığın başqa bir
təzahürüdür.

Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı
dinləmələr təşkil etməsi fonunda, Ermənistanda təkcə 2025-ci ildə
onlarla müxalifətçinin, dini xadimin, jurnalistin və ictimai fəalın
uydurma ittihamlarla həbs edilməsi faktına susması açıq ikili
standartdır. Bu həbslərlə bağlı nə dinləmələr keçirilir, nə də hər
hansı qətnamə qəbul olunur. Bu fakt bir daha göstərir ki, Avropa
Parlamenti üçün insan haqları universal dəyər deyil, siyasi təzyiq
alətidir.

Son dörd ildə Ermənistan Rusiyaya qarşı tətbiq edilən
sanksiyalar fonunda paralel idxal və ixrac əməliyyatlarının əsas
kanallarından birinə çevrilib. Bu faktlar beynəlxalq araşdırmalarda
və media materiallarında, o cümlədən “Anewz” tərəfindən hazırlanmış
sənədli filmdə açıq şəkildə nümayiş etdirilir. Aİ-nin bu fəaliyyətə
qarşı hər hansı real addım atmaması Brüsselin İrəvanla qeyri-rəsmi
siyasi razılaşmalarının mövcudluğunu təsdiqləyir.

Avropa Parlamentinin Azərbaycanı müharibə cinayətlərində ittiham
olunan şəxsləri azad etməyə çağırması, xüsusilə Ukraynaya qarşı
müharibəni maliyyələşdirən oliqarxlardan biri olan Ruben
Vardanyanla bağlı mövqeyi ciddi ziddiyyət yaradır. Bu yanaşma
hüquqi prinsiplərə deyil, açıq siyasi sifarişə əsaslanır və Avropa
Parlamentinin obyektivliyini tam şəkildə şübhə altına alır”.

Milli Məclisin üzvü əlavə edib ki, Avropa İttifaqının
regionda yenidən ayırıcı xətlər çəkməyə çalışması Azərbaycanın
artan siyasi, iqtisadi və geosiyasi nüfuzundan irəli gələn
narahatlıqla bağlıdır. Azərbaycan artıq regional proseslərin
obyekti deyil, əsas subyektlərindən biridir və bu reallıq bəzi
Avropa dairələri tərəfindən qəbul edilmir.

“Reallıq ondan ibarətdir ki, Avropa İttifaqı qlobal siyasətdə
tədricən zəifləyir və strateji subyektliyini itirir. ABŞ-nin yeni
Milli Təhlükəsizlik Strategiyasında Avropada dərinləşən siyasi,
institusional və dəyər böhranı açıq şəkildə etiraf olunur.
Avropanın taleyinin Ukraynada həll olunduğu bir dövrdə Avropa
Parlamentinin Azərbaycanla bağlı ikinci dərəcəli və siyasi çəkisi
olmayan mövzuları qabartması institusional çaşqınlığın bariz
nümunəsidir.

Avropa İttifaqının və Avropa Parlamentinin Cənubi Qafqazda sülh
gündəliyinə zidd fəaliyyəti Azərbaycanın strateji kursuna heç bir
təsir göstərməyəcək. Azərbaycan siyasətinin əsasında milli maraqlar
dayanır və bu maraqların reallaşdırılmasından ölkəmizi heç bir
xarici təzyiq çəkindirə bilməz. Korrupsiya qalmaqalları ilə
nüfuzunu itirmiş Aİ institutları, o cümlədən yüksək vəzifəli
rəsmilərlə bağlı iddialar fonunda, başqalarına dərs keçmək əvəzinə,
öz daxili problemləri ilə məşğul olmalıdır. Avropa Parlamenti isə
islamofob və türkofob yanaşmaları ilə tanınan, qəbul etdiyi
qətnamələrin və dinləmələrin Azərbaycan üçün heç bir hüquqi qüvvə
yaratmadığı siyasi platforma olaraq qalır”, – deyə o qeyd edib.