Yeni qadağa ölkədə qara bazar yarada bilər

Baş səhifə

Son günlər elektron siqaretlər və alternativ tütün məmulatları ilə bağlı qəbul edilən qərarlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Belə ki, artıq bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu məmulatların satışı və istifadəsi qadağan ediləcək.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, elektron siqaret və onun digər növləri adi siqaret qədər zərərlidir, ancaq hökumətin bu istiqamətdə verdiyi qərarı isə çox radikal hesab edirəm:

“Digər ölkələrin təcrübəsi göstərir ki, hər şeyi birdən-birə və tam qadağan etmək qaçaqmalçılığın artmasına gətirib çıxarır. Yəni radikal qadağalar mütləq şəkildə qanunsuz bazar yaradır. Artıq indidən də gözlənilir ki, elektron siqaretlər üzrə külli miqdarda qaçaqmal olacaq. Axı təkcə adi siqaretlərin qaçaqmalının belə illərdir qarşısını almaq mümkün olmayıb. 2017-ci ildə beynəlxalq bir qurumun apardığı araşdırmaya görə, Azərbaycanda qaçaqmal siqaretlər səbəbindən dövlət büdcəsi təxminən 20 milyon dollar zərər çəkib. Az qala 30 ilə yaxındır ki, Azad İstehlakçılar Birliyi qaçaqmal siqaretlərin qarşısının alınması üçün mübarizə aparır. Siqaretin bütün növləri zərərlidir, amma qaçaqmal siqaretlər daha təhlükəlidir, çünki onların mənşəyi bəlli deyil”.

E.Hüseynovun söözlərinə görə, Bakıda qaçaqmal siqaretlər açıq şəkildə satılır:

“Nərimanov rayonunda yerləşən ASAN xidmətin qarşısında, bir avtomobilin üzərində yazı ilə bu siqaretlərin satıldığı açıq-aşkar göstərilir. Böyük ehtimalla bu gün də həmin vəziyyət davam edir. Bu şəraitdə hökumət nə qədər iş aparsa da, radikal qadağa qərarından sonra elektron siqaretlərin kökünün kəsiləcəyinə inanmaq çətindir. Problem ondadır ki, “Tütün və tütün məmulatları haqqında” qanun faktiki olaraq işləmir. Siqaretlərin tək-tək satışı davam edir, təhsil və səhiyyə müəssisələrinin yaxınlığında satışlar hələ də mövcuddur. Bu baxımdan düşünürəm ki, Milli Məclis bu qərarı doğru formada qəbul etməyib. Daha məqsədəuyğun yol qismən məhdudlaşdırma və real, effektiv nəzarətin gücləndirilməsi olardı ki, qaçaqmal və daha təhlükəli məhsullar Azərbaycan bazarına daxil olmasın”.

AİB sədri digər ölkələrin təcrübəsindən də yararlanmağı tövsiyə edib:

“Çox təəssüf ki, Milli Məclis belə qərarlar qəbul edərkən bu sahənin distributorları, istehsalçıları və istehlakçı təşkilatları ilə yetərli dialoq aparmayıb. Halbuki bu dialoq qurulsaydı, qərar daha rasional ola bilərdi və qaçaqmalın qarşısını almaq üçün daha effektiv mexanizmlər seçilərdi. Bir daha vurğulamaq istəyirəm ki, hökumət “Tütün və tütün məmulatları haqqında” qanunu nə qədər sərtləşdirsə də, onun real icrasına nail ola bilməyib. Azərbaycanda tütünçəkmə azalmaq əvəzinə artır. Xüsusilə Türkiyədə tütün istifadəsinin geniş yayılması, qadınlar arasında bunun artması Azərbaycana da təsir edir və qadınlar arasında siqaretçəkmə sürətlə artır. Bu baxımdan elektron siqaretlərlə bağlı da rasional və balanslı qərarın qəbul edilmədiyini düşünürəm”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.