TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır – Əhməd İsmayılov

Baş səhifə

Ankara. Trend:

Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlətlər, cəmiyyətlər və
ekspert icmaları səviyyəsində əməkdaşlıq dezinformasiyaya qarşı
kollektiv mübarizə üçün möhkəm zəmin yaradır.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Azərbaycanın Medianın İnkişafı
Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Ankarada Türk
Dövlətlərin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı bildirib.

“Bu gün biz getdikcə daha aydın anlayırıq ki, sosial şəbəkələrin
sadəcə müşahidə edilməsi artıq kifayət qədər təsirli alət deyil.
Daha dərin təhlilə və informasiyanın daha dəqiq identifikasiyasına
ehtiyac yaranıb. Əgər əvvəllər informasiya qarşıdurması əsasən
siyasi platformalarla məhdudlaşırdısa, bu gün vəziyyət köklü
şəkildə dəyişib. Bir vaxtlar lokal və epizodik səciyyə daşıyan
proses sistemli və çoxsəviyyəli hadisəyə çevrilib. Müasir
texnologiyalar, rəqəmsal platformaların, media mühitinin və təsir
alətlərinin inkişafı manipulyativ məzmunun yayılmasını demək olar
ki, fasiləsiz prosesə çevirib. Bu şəraitdə ayrı-ayrı dövlətlər,
bəzən bunu dərk etmədən belə, birbaşa dezinformasiya
əməliyyatlarının hədəfinə çevrilirlər. Türk dövlətləri də bu
kontekstdə yeni nəsil informasiya və rəqəmsal təhdidlərlə üzləşərək
artan risk zonasındadırlar”, – deyə o bildirib.

Ə. İsmayılov qeyd edib ki, feyk məlumatların formaları
mürəkkəbləşdikcə və daha təkmilləşdikcə, dezinformasiya
kampaniyalarının miqyası da genişlənir.

“Saxtalaşdırmalardan nə qədər fəal istifadə olunursa, onların
hədəf dairəsi də bir o qədər genişlənir. Buna qarşı yalnız
cəmiyyətin maarifləndirilməsi, xalqlarımızın intellektual
çaşqınlıqdan qorunması və onlara zorla sırınan cəhalətdən azad
edilməsi yolu ilə mübarizə aparmaq mümkündür. Bu isə həm
cəmiyyətimizin yetkinliyinin, həm də dövlət institutlarının
səmərəliliyinin göstəricisidir.

İnformasiya hücumlarının getdikcə daha çox neytral və ya
humanitar narrativlər adı altında altında maskalanması Azərbaycanda
dezinformasiya problemini daha da dərinləşdirir. Xüsusilə ölkə
genişmiqyaslı hədəflər və strateji layihələr həyata keçirdiyi
dövrlərdə reallığın təhrifinə yönəlmiş müxtəlif kampaniyaların
fəallaşmasını müşahidə edirik. Bu kampaniyalar qeyri-müəyyənlik,
etimadsızlıq və gizli təzyiq mühitinin yaradılmasına əsaslanır, çox
vaxt cəmiyyətə “alternativ baxışlar” adı altında saxta hekayələrin
sırınması cəhdləri ilə müşayiət olunur”, – deyə o əlavə edib.

Ə. İsmayılovun sözlərinə görə, Azərbaycan hökumətinin
nümayəndələri qlobal dezinformasiya mühitinin (feyk xəbərlər,
dipfeyklər, alqoritmik manipulyasiyalar və süni intellekt
imkanlarından sui-istifadə ) getdikcə daha fəal şəkildə təzyiq və
müdaxilə aləti kimi istifadə olunacağını əvvəllər dəfələrlə
xəbərdar edib.

“Bu cür fəaliyyətlər təkcə milli səviyyədə cavab tədbirlərini
deyil, həm də razılaşdırılmış, kollektiv müdafiə mexanizmlərini
tələb edir. Belə müdafiənin əsasında cəmiyyətin şüurluluğu və
dövlətlər arasında yüksək etimad səviyyəsi dayanır. Təhsil və
analitik platformaların yaradılması, media savadlılığının inkişafı,
informasiyanın tənqidi qavranılması üzrə dayanıqlı bacarıqların
formalaşdırılması milli təhlükəsizliyin tərkib hissələri kimi
dəyərləndirilməlidir. Bu, birbaşa KİV-in, vətəndaş cəmiyyətinin və
dövlətlərarası əməkdaşlığın fəaliyyəti ilə bağlıdır. Biz həmçinin
müşahidə edirik ki, xarici tendensiyalar getdikcə daha çox media
məkanı vasitəsilə ictimai rəyə təsir göstərməyə çalışır. Hər bir
dövlət üçün müstəqil, obyektiv və peşəkar şəkildə idarə olunan
informasiya ekosisteminin mövcudluğu prinsipial əhəmiyyət daşıyır.
Bu, ümumi gələcəyimiz üçün olduqca mühüm məsələdir”, – deyə o
vurğulayıb.

Ə. İsmayılov bildirib ki, jurnalistlərin, ekspertlərin və
analitiklərin yeni nəsli dəyərlərin təhrifindən və peşəkar
deqradasiyadan qorunmalıdır.

“Kadr hazırlığı proqramları, ixtisaslaşma, peşəkar ekspertiza və
etik standartlar gələcək media mühitinin təməlidir. Biz əminik ki,
dezinformasiyaya qarşı mübarizə parçalanmış şəkildə deyil, daimi
dialoq, birgə tədqiqatlar və təcrübə mübadiləsi əsasında
aparılmalıdır. Yalnız açıq əməkdaşlıq, təhdidlərin vaxtında təhlili
və birgə cavab tədbirlərinin hazırlanması yolu ilə dayanıqlı
nəticəyə nail olmaq mümkündür. Bu baxımdan Türkiyənin atdığı
addımlar, eləcə də Türkiyə və Azərbaycanın informasiya
təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş birgə təşəbbüsləri
prinsipial əhəmiyyət kəsb edir. Aparılmış məsləhətləşmələr,
ixtisaslaşmış mütəxəssislərin iştirakı, texnoloji həllərin tətbiqi
və operativ reaksiya mexanizmlərinin inkişafı bu yolda mühüm
mərhələlər olub”, – deyə o bildirib.

Ə. İsmayılov vurğulayıb ki, bütün bu tədbirlər cəmiyyətdə
məsuliyyətli davranışın formalaşmasına, manipulyasiyaların
yayılmasının qarşısının alınmasına və həm milli, həm də beynəlxalq
informasiya məkanında etik normaların möhkəmləndirilməsinə xidmət
edir.

“Son olaraq, Türkiyə və Azərbaycan arasında qarşılıqlı
fəaliyyət, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində
dövlətlər, cəmiyyətlər və ekspert icmaları səviyyəsində əməkdaşlıq
dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin
yaradır. Bu istiqamət birgə platformaların və koordinasiya
mexanizmlərinin gündəliyində əsas prioritetlərdən birinə
çevrilməlidir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Ankarada keçirilən tədbirdə dövlət orqanlarının,
aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahə
üzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafı
Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident
Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və
Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri
Cavid Musayev, həmin şöbənin Kütləvi İnformasiya vasitələri ilə
əlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV ilə
əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Media
İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, Trend
BİA-nın direktor müavini və “Baku Network” Analitik Mərkəzinin
rəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA İnformasiya
Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentinin
rəhbəri Faiq Məmmədov təmsil edirlər.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,
ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir
informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri
müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının
informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media
savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı
mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə,
beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və
təcrübə mübadiləsi platformasına çevriləcək.