
Azərbaycan su təchizatı, sanitariya, ekoloji təhlükəsizlik və iqlim risklərinin idarə olunması üzrə göstəricilərini yaxşılaşdırıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilib.
Su təchizatı üzrə irəliləyiş
Hesabata görə, Azərbaycan su təchizatı göstəricisini 4 baldan 5 bala yüksəldib. Bu, əhalinin təhlükəsiz içməli suya çıxışının, xidmətin davamlılığının və idarəetmənin yaxşılaşdığını göstərir. Regionun bir çox ölkələri əvvəlki səviyyəni qoruduğu halda, Azərbaycan bu sahədə irəliləyiş əldə edən ölkələr sırasında yer alıb.
Sanitariya və kanalizasiya xidmətləri genişlənib
ADB-nin qiymətləndirməsinə əsasən, Azərbaycan sanitariya və kanalizasiya xidmətləri üzrə də irəliləyiş nümayiş etdirib. Ölkə 3 baldan 4/5 bala yüksələrək, kanalizasiya şəbəkələrinin genişləndirilməsi və tullantı sularının təmizlənməsi infrastrukturu üzrə nəticələrini yaxşılaşdırıb.
Şəhər drenajı: Bakı Ağ Şəhər layihəsi vurğulanır
Hesabatda qeyd olunur ki, Bakı Ağ Şəhər layihəsi şəhər drenaj infrastrukturunun gücləndirilməsinə töhfə verib. Bu layihə Azərbaycanın leysan və daşqın sularının idarə olunması üzrə göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərib.
Plastik çirklənmə üzrə aşağı risk
2025-ci il hesabatında ilk dəfə tətbiq olunan çayların mənsəblərində plastik tullantıların axını göstəricisi üzrə Azərbaycan ən aşağı risk qrupunda yer alıb. Hesabata görə, Azərbaycanda çaylar vasitəsilə ətraf mühitə daxil olan plastik tullantıların həcmi aşağıdır. Bu nəticə güclü ekoloji idarəetmə və hövzə səviyyəsində nəzarət ilə əlaqələndirilir.
İqlim riskləri və fəlakətlər üzrə mövqenin yaxşılaşması
ADB bildirir ki, Azərbaycan su ilə bağlı fəlakət riskləri (KD5) üzrə ardıcıl irəliləyiş əldə edərək ən təhlükəsiz ölkələrin ilk üçdəbirinə daxil olub. Quraqlığa məruz qalmanın azalması, rəqəmsal hidrologiya sistemlərinə və fövqəladə hallara cavab mərkəzlərinə yatırılan investisiyalar bu irəliləyişi dəstəkləyib.
Hesabatda qeyd olunur ki, Azərbaycan üzrə SPI (Standartlaşdırılmış Yağıntı İndeksi) müsbət trend göstərir, bu da gələcək dövrdə iqlim risklərinin azalmasına töhfə verir.
Adaptasiya planları ilə bağlı xəbərdarlıq
Bununla yanaşı, ADB xəbərdarlıq edir ki, əldə olunan irəliləyişin davamlı olması üçün Azərbaycan uyğunlaşma (adaptasiya) planlarını tamamlamaq, həmçinin şəhərsalmanı yüksək daşqın riski olan zonalardan kənara yönəltmək zəruridir. Quraqlıq təzyiqinin müvəqqəti azalması ölkə üçün növbəti iqlim risklərinə hazırlaşmaq baxımından məhdud zaman pəncərəsi yaradır.
Yaşıl enerji və regional əməkdaşlıq
Hesabatda vurğulanır ki, dağlıq hidroenerji layihələri dekarbonizasiya üçün əsas imkanlardan biri kimi qiymətləndirilir. 2023-cü ilin sonu – 2024-cü ilin əvvəlində Azərbaycan region ölkələri ilə birlikdə hidroenerji sahəsində regional sazişlər və birgə layihələrə başlayıb, bu da yaşıl enerji keçidini sürətləndirən amillərdən biridir.

