
Almatı. Trend:
Avrasiya İnkişaf Bankı (AAİB) ölkəyə daxil ola bilməsi üçün
Türkmənistan hökumətindən rəsmi cavab gözləyir.
Bunu Trend-in
xüsusi müxbirinə AAİB idarə heyətinin sədri Nikolay Podquzov
deyib.
Podquzov bildirib ki, bu il müxtəlif tədbirlər çərçivəsində,
xüsusən də Rusiya-Türkmənistan hökumətlərarası komissiyasının
işində AAİB nümayəndələri ilə Türkmənistan hökumətinin təmsilçiləri
arasında bir neçə təmaslar baş tutub.
“Türkmənistanın banka potensial qoşulması ilə bağlı sual bank
nümayəndəsinin sorğusu kimi səsləndi. Bundan əvvəl mən Aşqabada
səfər etmiş və hökumət nümayəndələri ilə görüşərək bu məsələni
müzakirə etmişəm. İndi isə fəaliyyətə başlaya bilməyimiz üçün daha
çox Türkmənistan hökumətindən rəsmi cavabı gözləmək istəyirik.
Türkmənistanın banka qoşulması üzrə mümkün plan həm bizim
tərəfimizdən həm də bankın səhmdarları tərəfindən tam dəstəklənir”,
– deyə AAİB sədri vurğulayıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,
onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və
Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya
fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış
çoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir:
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və
Özbəkistan.

