AYİB Azərbaycanda gənc sahibkarlara dəstək üçün 20 milyon ABŞ dolları maliyyə ayırır

Baş səhifə

Bakı. Trend:

Ölkədə Aİ-nin dəstəyi ilə ilk “Gənclər Biznesdə” krediti AYİB
AccessBank-a gənclərə məxsus və gənclər tərəfindən idarə olunan
Kiçik və Orta Sahibkarlıq subyektləri (KOS) üçün 20 milyon ABŞ
dolları məbləğində kredit ayırır.

Trend xəbər verir ki,
Azərbaycanda Aİ-nin EFSD+ vasitəsilə dəstəyi ilə ilk “Gənclər
Biznesdə” krediti gənc sahibkarları gücləndirəcək və iqtisadiyyatın
şaxələndirilməsinə töhfə verəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta
sahibkarlıq subyektlərinə (KOS) fokuslanan Azərbaycanın aparıcı
banklarından biri olan AccessBank-a 20 milyon ABŞ dollarınadək
(17,1 milyon avro) kredit ayırır.

Razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanın
müxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarə
olunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi,
innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfə
verməsi üçün zəruri kapitalı təmin edəcək.

Bu kredit həmçinin AccessBank-a bazarın strateji əhəmiyyətli
seqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus və
gənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiya
potensialını nümayiş etdirəcək.




Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf Fondu
Plus (EFSD+) çərçivəsində təqdim etdiyi “Qonşuluqda Maliyyə
İnklüzivliyi” proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanması
formasında dəstəkləyir.

Kredit Azərbaycanda AYİB-in “Gənclər Biznesdə” proqramı
çərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gənc
sahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir.
Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatların
dayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanın
iqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirmək
baxımından həlledici əhəmiyyət daşıyır.

AYİB-in “Gənclər Biznesdə” proqramı artıq Mərkəzi Asiya, Misir,
Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramın
məqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olan
KOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışını
təmin etməkdir.

AYİB Azərbaycanda aparıcı institusional investor olaraq qalır və
indiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiya
yatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorunun
və yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıl
iqtisadiyyata investisiyaların artırılmasına
yönəlib.