
Bakı. Trend:
Müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi
tarixi yalnız siyasi və iqtisadi islahatlarla deyil, eyni zamanda
dərin mənəvi dəyərlərə söykənən humanist yanaşmalarla səciyyələnir.
Dövlətin gücü təkcə sərt hüquqi mexanizmlərlə deyil, həm də
cəmiyyətə, insana, sosial ədalətə və mərhəmətə göstərilən
münasibətlə ölçülür. Bu baxımdan amnistiya Azərbaycan
dövlətçiliyinin humanist mahiyyətini açıq şəkildə nümayiş etdirən
mühüm siyasi-hüquqi alətlərdən biridir.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və
xilaskarlıq missiyası nəticəsində müasir Azərbaycan dövlətinin
əsasları qoyulmuş, Konstitusiya qəbul edilmiş və hüquqi dövlət
quruculuğu yolunda möhkəm bünövrə yaradılmışdır. Məhz bu siyasi
məktəbin davamı olaraq amnistiya və əfv institutları bu gün də
dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
Azərbaycan xalqı son illərdə tarixi hadisələrin canlı şahidinə
çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
qətiyyətli liderliyi, müdrik strategiyası və xalq-ordu-dövlət
birliyi nəticəsində Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər,
ardınca həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı
ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu
Zəfər təkcə hərbi-siyasi qələbə deyil, eyni zamanda hüquqi və
mənəvi baxımdan yeni bir mərhələnin başlanğıcı oldu”, – o
bildirib.
Onun sözlərinə görə, suverenliyin bərpası ilə Azərbaycan
Respublikasının Konstitusiyasının ali hüquqi qüvvəsi ölkənin bütün
ərazilərində tam şəkildə təmin edildi.
“Dövlətin hüquqi məkanı bütövləşdi, qanunun aliliyi prinsipi
yeni reallıqlar fonunda daha da möhkəmləndi. Məhz belə bir tarixi
mərhələdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü irəli
sürməsi həm siyasi baxımdan, həm də mənəvi-ideoloji aspektdən
xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq təcrübə və hüquq nəzəriyyəsi göstərir ki, amnistiya
yalnız güclü, özünə güvənən və sabit dövlətlərin həyata keçirə
biləcəyi humanist addımdır. Dövlət öz suverenliyini tam təmin
etdikdən, hüquqi nəzarəti möhkəmləndirdikdən sonra cəmiyyətə qarşı
mərhəmət göstərmək gücün və siyasi yetkinliyin göstəricisidir.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü məhz bu kontekstdə
qiymətləndirilməlidir. Dövlət başçısı humanizm və mərhəmət
ənənələrinə sadiq qalaraq, cəzanın yalnız cəzalandırma deyil, həm
də tərbiyəvi mahiyyət daşıdığını bir daha ön plana çıxarır.
Amnistiya, eyni zamanda, insanlara ikinci şans vermək, onları
cəmiyyətə yenidən qazandırmaq məqsədi daşıyır.
Amnistiya aktının layihəsinə nəzər saldıqda onun dərin sosial
məzmun daşıdığı açıq şəkildə görünür. Layihədə Vətən müharibəsində
və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarında
iştirak etmiş şəxslərin, həlak olmuş və ya itkin düşmüş
qəhrəmanlarımızın yaxın qohumlarının, müharibə nəticəsində əlil
olmuş şəxslərin əhatə olunması dövlətin şəhid ailələrinə, qazilərə
və müharibə iştirakçılarına göstərdiyi yüksək ehtiramın bariz
nümunəsidir”, – o bildirib.
A.Qarayev qeyd edib ki, bununla yanaşı, qadınlar, 60 yaşdan
yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar
kimi həssas kateqoriyalara xüsusi yanaşma göstərilməsi humanist
dövlət modelinin mahiyyətini ortaya qoyur. Bu, cəmiyyətin zəif
təbəqələrinin müdafiəsi, sosial ədalətin təmin olunması və hüquqi
sistemin insana yönəlik xarakter daşımasının göstəricisidir.
“Amnistiya aktı yalnız geniş əhatə dairəsi ilə deyil, həm də
cəza siyasətində balanslı yanaşmanı təmin etməsi ilə diqqət çəkir.
Böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan
törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad
edilməsi və ya cəzalarının azaldılması hüquqi sistemin ədalət
prinsiplərinə uyğunluğunu nümayiş etdirir.
Bu yanaşma bir tərəfdən cəmiyyətin təhlükəsizliyini təmin edir,
digər tərəfdən isə insan taleyinə həssas münasibəti qoruyur. Dövlət
açıq mesaj verir: qanun pozuntuları cəzasız qalmır, lakin insanın
islah olunması və cəmiyyətə reinteqrasiyası da əsas məqsədlərdən
biridir.
Proqnozlara əsasən, Milli Məclisə təqdim olunan bu Amnistiya
aktı Azərbaycan tarixində əhatə dairəsinə görə ən böyük amnistiya
olacaq. Ümumilikdə 20 mindən çox şəxsin bu aktdan yararlanacağı
gözlənilir. Onlardan minlərlə insanın azadlıqdan məhrumetmə
cəzasından azad olunması, digərlərinin cəzalarının azaldılması və
ya cinayət məsuliyyətindən tam azad edilməsi nəzərdə tutulur”, – o
bildirib.
Politoloq vurğulayıb ki, bu rəqəmlər təkcə statistik göstərici
deyil. Onların arxasında minlərlə ailənin taleyi, sosial mühitə
qayıdan insanlar, yenidən qurulan həyat hekayələri dayanır. Bu,
cəmiyyətin sağlamlaşmasına və ictimai harmoniyanın möhkəmlənməsinə
xidmət edən mühüm addımdır.
“Prezident İlham Əliyevin siyasi fəaliyyətində humanizm xətti
ardıcıl və sistemlidir. Əfv sərəncamları, sosial islahatlar, şəhid
ailələri və qazilərə göstərilən xüsusi diqqət, məcburi köçkünlərin
qayıdışı, sosial rifahın artırılması bu siyasətin tərkib
hissələridir. Amnistiya təşəbbüsü də bu ümumi strategiyanın məntiqi
davamıdır.
Bu liderlik modeli güc və mərhəmətin, prinsipiallıq və
insanpərvərliyin harmoniyasına əsaslanır. Amnistiya təşəbbüsü
müasir Azərbaycan dövlətinin siyasi yetkinliyinin, hüquqi
sabitliyinin və humanist mahiyyətinin parlaq ifadəsidir. Bu addım
göstərir ki, Azərbaycan öz tarixinin yeni mərhələsinə qalib, güclü
və mərhəmətli dövlət kimi qədəm qoyub. Suverenliyini bərpa etmiş,
hüquqi məkanını bütövləşdirmiş ölkə indi cəmiyyət daxilində insan
amilinə daha geniş meydan verir”, – A.Qarayev əlavə edib.

