
Bakı. Trend:
Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait
yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri
birlikdə pilot layihəyə start verib. İlkin olaraq paytaxtın
Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud
Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin
qarşısında (piyada svetoforu), həmçinin Cəfər Xəndan küçəsi ilə
Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova
və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə
svetoforlar sınaq müddətində işə salınıb.
Adaptiv svetoforların ənənəvi svetoforlardan fərqi
nədir?
“Ağıllı svetoforlar” yol üzərində yerləşdirilən sensorlar,
kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini
ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və
həmin proqram real vaxt rejimində hansı istiqamətdə svetoforun
yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir.
Ənənəvi svetoforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim
dəyişən vəziyyətə uyğunlaşır.
Yeni sistem nəqliyyatın sıx olduğu pik saatlarda və
qəza hallarında necə reaksiya verəcək?
Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar
bu artımı nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv
sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq
ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal
vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün
balanslaşdırılmasına şərait yaradır.
Adaptiv svetoforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik
baxımından daha faydalı olacaq. Yəni yolda nəqliyyat sıxlığı
olmadığı vaxtlarda svetoforların yaşıl işığı daimi yanmaqla, vaxt
itkisinin qarşısı alınmış olacaq.
Pilot layihənin ilkin tətbiq edildiyi yollarda
nəqliyyat sıxlığının neçə faizə qədər azalması
gözlənilir?
Xarici təcrübəyə əsasən, adaptiv sistemlərin tətbiqi nəqliyyat
sıxlığını 15–30 faiz azaldır.
Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq “ağıllı
svetoforlar”ın digər küçə və prospektlərdə də quraşdırılması
nəzərdə tutulur.

