AzMİU-da Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin yeni binası istifadəyə verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
yaradılmasının 50 illik yubleyi ərəfəsində universitetin Əcnəbi
vətəndaşların hazırlığı fakültəsi üçün nəzərdə tutulan yeni tədris
binasının istifadəyə verilib.

Açılış mərasimində AzMİU-nun rəhbərliyi, Əcnəbi vətəndaşların
hazırlığı fakültəsinin professor-müəllim heyəti, tələbələr və
universitetin müxtəlif struktur bölmələrinin nümayəndələri iştirak
ediblər.

Yeni bina müasir təhsil standartlarına uyğun şəkildə inşa
olunub. Zirzəmi, iki mərtəbə və 30 otaqdan ibarət binanın ümumi
sahəsi 1702 kv/m təşkil edir. Enerji səmərəliliyi prinsipi əsasında
layihələndirilən binanın tikintisi zamanı ekoloji təmiz
materiallardan istifadə olunub. Müasir auditoriyalar,
ixtisaslaşdırılmış dərs otaqları, kompüter sinifləri və inzibati
sahələrlə təchiz edilib. Geniş auditoriyalar, dil laboratoriyaları,
emalatxana, mətbəə və istirahət zonaları tələbələrin rahatlığı və
effektiv təhsil alması üçün müasir texniki avadanlıqlarla təmin
edilib, həmçinin beynəlxalq təhsil mühitinin tələblərinə uyğun
dizayn olunub.

Burada yüksək sürətli Wi-Fi şəbəkəsi, “ağıllı lövhələr”,
multimedia proyektorları quraşdırılıb.




Bina, həmçinin əlilliyi olan tələbələrin rahat təhsil alması
üçün inklüziv elementlər və adaptiv infrastruktur vasitələri ilə
təmin edilib.

Son illərdə AzMİU-da tədris infrastrukturunun yenilənməsi
istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir,
auditoriya və laboratoriyalar müasir standartlara uyğun şəkildə
təchiz olunur. Əcnəbi vətəndaşların hazırlığı fakültəsi üçün yeni
binanın istifadəyə verilməsi də bu siyasətin məntiqi davamıdır və
universitetin beynəlxalq tələbələr üçün təhsil imkanlarını
əhəmiyyətli dərəcədə genişləndirir.

Yeni binanın fakültənin fəaliyyətini keyfiyyətcə yeni mərhələyə
yüksəldəcəyi gözlənilir.