Ağrıkəsicilərin tez-tez istifadəsinin hansı fəsadları var? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

Baş səhifə

Bakı. Trend:

Ağrıkəsici preparatların uzunmüddətli və nəzarətsiz istifadəsi
müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə
bilər.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova
açıqlayıb.

Onun sözlərinə görə, bu preparatlar əsasən simptomatik təsir
göstərir və ağrının əsas səbəbini aradan qaldırmır:




“Qeyri-steroid iltihabəleyhinə dərmanların (QSİƏD) tez-tez
qəbulu mədə və onikibarmaq bağırsaqda qastrit, xora və qanaxma
riskini artırır. Eyni zamanda, bu preparatlar böyrək perfuziyasını
azaldaraq xroniki böyrək çatışmazlığının inkişafına, arterial
təzyiqin yüksəlməsinə və ürək-damar fəsadlarına səbəb ola bilər.
Həkim məsləhəti ilə qısa müddət ərzində istifadə etdikdə
ağrıkəsicilər faydalı sayılır. Amma uzun müddət, nəzarətsiz, səbəb
araşdırılmadan qəbul edilərsə, sağlamlığa zərər verə bilər”.

V.Məmmədova bildirib ki, dərman dozasının aşılması və
uzunmüddətli istifadəsi qaraciyərdə toksik zədələnməyə, ağır
hallarda isə kəskin qaraciyər çatışmazlığına gətirib çıxara
bilər:

“Mədəyə qıcıqlandırıcı təsir göstərir. Əgər xora varsa, qanama
riski yaradır, qaraciyər və böyrək funksiyalarına neqativ təsir
göstərir. Opioid tərkibli ağrıkəsicilər asılılıq, tənəffüsün
ləngiməsi və psixoloji problemlər riski daşıyır. Ağrıkəsici ağrını
kəsir, amma səbəbi müalicə etmir. Bundan əlavə, ağrıkəsicilərin
tez-tez istifadəsi dərman mənşəli baş ağrısı sindromunun inkişafına
səbəb ola bilər. Davamlı və ya təkrarlanan ağrılar zamanı mütləq
şəkildə etioloji səbəb araşdırılmalı, müalicə həkim tərəfindən
fərdi qaydada planlaşdırılmalıdır”.