İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə
mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin
əsas istiqamətlərindən biridir. Ümumilikdə müstəqilliyimizin
bərpasından, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət
quruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdə
atdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdir
edilir. İnsan amilinə dəyər daim müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin
müəyyənləşdirdiyi və bugünümüzə, gələcəyimizə hesablanmış
siyasətinin əsasını təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin
sədrliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən
Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin
hüquqi təməlini formalaşdırdı. Demokratik, hüquqi dövlət quruculuğu
istiqamətində mühüm, fundamental islahatlar həyata keçirən Ulu
Öndər Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq və
azadlıqlarının qorunmasına göstərdiyi diqqət humanizm, mərhəmət və
insanpərvərlik kimi ülvi dəyərlərin təcəssümüdür. Son 22 ildə
Ümummilli Liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin
davam etdirilməsinin əsas göstəricilərindən birini cəzadan azad
olunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin
inkişafına öz töhfəsini verəcəklərinə inam təşkil edib. Bu möhkəm
təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi
fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial
ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın
nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin
formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul
edilib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev
suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi
qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının
xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq,
humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad
etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq
şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin
inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək 15 dekabr
2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəli
sürdü. Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik
inkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı bugünkü
Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə
təmin olunur. Multikultural və tolerant dövlət kimi humanizm
siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda
vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir
ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi
islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər
təşkil edir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın
məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi
ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiya
aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1995-ci ildən etibarən qəbul
edilən 12 Amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib.
Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr –
Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq
nəfərə şamil olunmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki,
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32
Əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib.
Prezident İlham Əliyev isə 2003-2025-ci illər ərzində 39 Əfv
sərəncamı imzalayıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə 2007,
2009, 2013 və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.




Millət vəkili bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulan bu siyasətin və humanizmə sadiqlik ənənələrinin
əsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlam
cəmiyyət formalaşdırmaqdır. İmzalanan əfv sərəncamları, qəbul
edilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə
azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı
vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir.
Humanizm prinsiplərinə söykənən bu addımların cəmiyyət tərəfindən
yüksək dəyərləndirilməsi ölkəmizdə söz azadlığının, plüralizmin,
dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq
Konstitusiyamızda bütün vətəndaşlara qarşı eyni münasibətin,
dəyərin ifadəsidir. Prezident İlham Əliyevin təklifi əsasında
Amnistiya aktının şamil ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan
məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən
böyük amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə 20
mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox
məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin
cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı,
7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4
minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər
cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox
şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi
proqnozlaşdırılır.

Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən Amnistiya aktının
layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o
cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də
keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə
də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş
şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan
Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin,
habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən
yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya
cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla
yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az
ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə
azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər
cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi
azaldılacaqdır.

Milli Məclisin deputatı vurğulayıb ki, bu gün harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib, bütövləşən
Azərbaycanın vətəndaşı olmasından qürur hissi keçirir. Azərbaycan
dünya miqyasında siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin,
tolerantlığın məkanı kimi tanınır, nüfuz qazanır. Yeniləşmə,
təkmilləşmə, zamanın tələblərinə uyğun islahatlar dayanıqlı
inkişafın əsasıdır. Günümüzün reallıqları bir daha təsdiqləyir ki,
ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili
dayanır, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.