AYİB Gürcüstanın avtomobil sənayesinin transformasiyasına dəstək olacaq

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanda və qonşu
ölkələrdə avtomobil sənayesinin transformasiyasına dəstək məqsədilə
Qafqaz regionunda ən böyük avtomobil distribyutoru olan “Tegeta
Motors” şirkətinə 25 milyon avro məbləğində kredit ayırır.

Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.

Maliyyələşdirmə Tbilisidə GEZI gömrük zonası yaxınlığında
yerləşən “Tegeta”nın yeni servis mərkəzinin genişləndirilməsinə
yönəldiləcək. Gürcüstanın Şərq–Qərb nəqliyyat dəhlizinin əsas
hissəsi olan Tbilisi dolama yolunda yerləşən bu servis mərkəzi eyni
vaxtda 30-dan çox iriölçülü nəqliyyat vasitəsinə xidmət göstərə
biləcək ki, bu da şirkətin servis imkanlarını əhəmiyyətli dərəcədə
artıracaq.

Qeyd olunur ki, kreditlə yanaşı, AYİB iki texniki əməkdaşlıq
proqramını da həyata keçirəcək. Bu proqramlar beynəlxalq
standartlara uyğun peşə təhsili təşəbbüslərinin inkişafını,
həmçinin “Tegeta Motors”un idarəetmə strukturunun qlobal
təcrübələrə uyğun şəkildə gücləndirilməsinə yönəlmiş kompleks
korporativ idarəetmə planının hazırlanmasını əhatə edir.




“Saziş GEZI “Tegeta” servis mərkəzində AYİB-in Qafqaz üzrə
regional direktoru Alkis Vrienios Drakinos və “Tegeta Motors”un baş
icraçı direktoru Yekaterina Kavtaradzenin iştirakı ilə
imzalanıb.

AYİB-in texniki əməkdaşlıq proqramlarının dəstəyi ilə “Tegeta
Akademiyası” mexaniklər üçün akkreditə olunmuş təlim proqramlarına
start verəcək, mövcud kursları Tbilisidən kənardakı dinləyiciləri
əhatə etmək üçün rəqəmsallaşdıracaq, həmçinin milli peşə
bacarıqları standartlarının hazırlanmasının təşəbbüskarı
olacaq.

Akademiya eyni zamanda “European Training Foundation Network of
Excellence” qlobal şəbəkəsinə qoşularaq Gürcüstanda peşə təhsili
sahəsində yeni standartların formalaşdırılmasına töhfə verəcək. Azı
200 iştirakçı nəzəri dərslər və GEZI servis mərkəzində praktiki
məşğələləri əhatə edən təlimlərdən keçə biləcək.