
Bakı.Trend:
Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 8-ci km
ərazisində fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Fəxrəddin Əlipaşa
oğluna məxsus “Kəngərli” bazarında balıq kürüsü və diri balıq
satışına nəzarət tədbirləri həyata keçirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
məlumat yayıb.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin yoxlaması zamanı
kürü məhsullarının üzərində etiket məlumatlarının mövcud olmadığı,
yəni məhsulun və istehsalçının adı, istehsal və son istifadə
tarixləri barədə məlumatların olmadığı müəyyən edilib.
Həmçinin, bazarda satılan balıq və balıq kürüsünün keyfiyyətini
və təhlükəsizliyini təsdiq edən baytarlıq və müşayiətedici sənədlər
yoxlama zamanı təqdim olunmayıb. Müəyyən edilib ki, normativ
tələblərə əsasən 0–2 °C temperaturda saxlanılmalı olan balıq kürüsü
faktiki olaraq 9.3 °C temperaturda saxlanılaraq satışa
çıxarılıb.
Eyni zamanda bazarda digər satış məntəqələrinə də baxış zamanı
diri balıqların saxlanıldığı su hovuzlarının sanitariya-gigiyenik
vəziyyətinin qənaətbəxş olmadığı, ölü balıqların vaxtında
hovuzlardan kənarlaşdırılmadığı, suyun çirkli, bulanıq və qoxulu
olduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar sahibkar barəsində
inzibati xəta haqqında protokol tərtib edilib, balıq kürüsündən
nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmaların nəticələrinə əsasən qanunvericiliyə uyğun müvafiq
tədbirlərin görülməsi təmin ediləcək.
Qeydə alınan nöqsanlar insan həyat və sağlamlığı ciddi risklər
yaradır. Xüsusi riskli qida məhsullarının antisanitar və tələblərə
uyğun olmayan şəraitdə satışı yolverilməzdir. Bazar sahibləri ərzaq
bazarlarında təcili sağlamlaşdırıcı tədbirlər həyata
keçirməlidirlər.

