
Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan
Respublikası Kosmik Agentliyi və “İsrail Aerokosmik Sənayesi”
korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda “Vistar”
Mükəmməllik Mərkəzi təsis edilib. Mərkəzin missiyası Azərbaycanda
innovasiyalara dəstək vermək, innovativ təhsil, startapların
inkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativ
yanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir.
Mərkəzin açılışında İsrailin Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri, “İsrail Aerokosmik Sənayesi” korporasiyasının
və Holon Texnologiya İnstitutunun, eləcə də Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin və “AZCON Holding”in şirkətlərindən olan
Azərkosmosun rəhbər nümayəndələri iştirak ediblər.
“Vistar” Mükəmməllik Mərkəzinin dekabrın 16-da baş tutan rəsmi
açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev innovasiya mədəniyyətinin inkişafı kontekstində
beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayıb:
“Biz nüfuzlu qlobal texnologiya liderləri ilə əməkdaşlığı
genişləndirərək onların Azərbaycana gəlməsini və qarşılıqlı fayda
yaradan layihələr həyata keçirməsini dəstəkləyirik. Yeni yaradılan
Mükəmməllik Mərkəzi də Azərbaycanda yüksək rəqabətqabiliyyətli
startapların və ümumilikdə innovasiya mədəniyyətinin inkişafına
təkan verəcək”.
Tədbirdə, salamlama nitqi ilə, həmçinin “İsrail Aerokosmik
Sənayesi” korporasiyasının prezidenti və baş icraçı direktoru Boaz
Levi də çıxış edib. O bildirib ki, yeni yaradılan Mərkəz Azərbaycan
və İsrail arasında yüksələn xətlə inkişaf edən əlaqələrin
göstəricisidir:
“Bizim ölkələr arasında daim qarşılıqlı etimada əsaslanan
münasibətlər olub və bu gün texnoloji sahədə əməkdaşlığımızı
gücləndirən mühüm bir addım atdıq. “Vistar” Mükəmməllik Mərkəzi
innovatorlar üçün yeni imkanlar yaradacaq. Bununla da Azərbaycan və
İsrail arasında texnoloji əməkdaşlıq daha dinamik inkişaf
edəcək”.
Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin fəaliyyəti təhsil,
innovasiya, kosmik sənaye və tədqiqat sahələrini əhatə edən tədris
və akselerasiya modeli üzərində qurulub. Mərkəzdə beynəlxalq
ekspertlərin iştirakı ilə ideyaların sınaqdan keçirilməsi,
prototiplərin hazırlanması, startapların investisiya və bazarlara
çıxışını hədəfləyən təlimlərin keçirilməsi nəzərdə tutulub.

