
Bakı. Trend:
Avtoxuliqanlıq edən moped sürücüləri cərimələnəcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu və Mədəniyyət komitələrinin dekabrın 5-də keçirilən
birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, avtoxuliqanlıq, yəni mopedin sürücüsü
tərəfindən ictimai qaydanı və əhalinin dincliyini
nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə
edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə
müşayiət olunan qərəzli hərəkətlərə cərimə tətbiq ediləcək.
Belə ki:
- aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin
iştirakı ilə sürət yarışının həyata keçirilməsinə, - nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun
səthindən qaldırmaqla idarə edilməsinə, - nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq
təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və
ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə
(yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə nəqliyyat
vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin
çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu
maddəsinin qüvvəsi şamil edilməyəcək)
nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il
müddətinə məhdudlaşdırılmaqla 500 manatdan
750 manatadək məbləğdə cərimə ediləcək və ya
nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il
müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən
1 ayadək müddətə inzibati həbs tətbiq
olunacaq.
Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış
şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə
görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il
müddətinə məhdudlaşdırılmaqla 750 manatdan
1000 manatadək məbləğdə cərimə ediləcək və ya
nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il
müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan
2 ayadək müddətə inzibati həbs tətbiq
olunacaq.
Yuxarıda nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş
hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə
görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il
müddətinə məhdudlaşdırılmaqla 2 min manatdan
4 min manatadək məbləğdə cərimə ediləcək və ya
nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il
müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə pozuntunu
törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan
2 ayadək müddətə inzibati həbs tətbiq
olunacaq.

