Sudanda dron hücumları: 100-dən çox dinc sakin həlak olub

Baş səhifə

Bakı. Trend:

Sudanın Kordofan bölgəsində rəqib hərbi fraksiyalar arasında
gedən döyüşlərdə həyata keçirilən dron hücumlarında azı 104 dinc
sakin həlak olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, dron hücumlarında Cənubi Kordofanın Kaloqi
şəhərində yerləşən uşaq bağçası və xəstəxana da hədəf alınıb.
Burada 89 nəfər, o cümlədən 43 uşaq və 8 qadın həlak olub.




BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk
döyüşlərin daha da intensivləşməsindən “dərin narahatlıq”
keçirdiyini bildirib və tibbi müəssisələrin hədəfə alınmasının
beynəlxalq humanitar hüququ pozduğunu vurğulayıb.

Mərkəzi bölgədə silahlı toqquşmalar Çevik Dəstək Qüvvələrinin
(RSF) Babnusa şəhərindəki strateji əhəmiyyətli hərbi bazanı ələ
keçirməsindən sonra kəskinləşib.

Gərginliyin artması on minlərlə insanın didərgin düşməsinə səbəb
olub və artıq vəba və denqe qızdırması epidemiyaları ilə yüklənmiş
səhiyyə müəssisələrini çətin durumda qoyub.