
“Bu festivalları hesab edirik ki, təkcə məhsulların nümayişi deyil, eyni zamanda ölkəmizin aqrar sektorunun potensialının, zəhmətkeş fermerlərimizin və sahibkarlarımızın əzminin, innovativ yanaşmalarının bariz göstəricisidir”.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib.
Aqrar sahə ölkəmizin iqtisadiyyatında, əlbəttə ki, strateji əhəmiyyət kəsb edir:
“Bu sahə həm ərzaq təhlükəsizliyinin təmin olunmasında, həm regionların sosial-iqtisadi inkişafında, həm də məşğulluğun artırılmasında mühüm rol oynayır. Son illərdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar aqrar sektorun daha da rəqabətqabiliyyətli, ixracyönümlü və dayanıqlı inkişafına şərait yaratmışdır.
Bu festivallar bir daha göstərir ki, Azərbaycan fermeri və aqrar sahibkarı artıq yalnız istehsalçı kimi deyil, eyni zamanda brend yaradan, bazarları araşdıran, innovasiyalara açıq olan güclü bir iqtisadi subyektdir. Yerli məhsullarımızın keyfiyyəti, qablaşdırılması, təqdimatı və bazara çıxış imkanları ilbəil daha da təkmilləşir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olaraq bizim əsas məqsədimiz aqrar sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə və qeyri-maliyyə alətlərinə çıxışının genişləndirilməsi, eyni zamanda onların yerli və beynəlxalq bazarlara hazırlanmasıdır. Bu festivallar da məhz həmin məqsədlərə xidmət edir.
Burada qurulan əlaqələr, aparılan müzakirələr və əldə olunan təcrübə mübadiləsi gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacaqdır. Əminəm ki, bu tədbirlərin nəticələri real layihələrə, yeni məhsullara və yeni bazarlara yol açacaqdır”.
Sevinc İbrahimzadə / Metbuat.az

