“Fitosanitar nəzarətin gücləndirilməsi aqrar ixracı artıracaq”

Baş səhifə

“Hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən arıçılıq məhsullarının ənənəvi respublika sərgi-satış yarmarkaları çərçivəsində satışa çıxarılan bütün məhsullar risk əsaslı yoxlamalara cəlb olunur”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə söyləyib.

O bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən bal və digər arıçılıq məhsulları laborator müayinələrə cəlb olunur, qida təhlükəsizliyi və keyfiyyət standartlarına cavab verməyən arıçılıq məhsullarının satışına yol verilmir.

“Bakı şəhərində keçirilən mövsümi yarmarkalarda da məhsulların keyfiyyətinə operativ nəzarətlər təmin edilir. Səyyar qida laboratoriyalarımız vasitəsilə vətəndaşların satışa çıxarılan məhsullarla bağlı müraciətləri yerində araşdırılır”.

Sədr xüsusilə fitosanitar sahədə həyata keçirilən tədbirləri diqqətinizə çatdırıb:

“Agentlik bitki sağlamlığının qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması, habelə təhlükəsiz toxum və ting dövriyyəsinin təmin edilməsi istiqamətində sistemli və risk əsaslı nəzarət tədbirlərini həyata keçirir. Fitosanitar nəzarətin gücləndirilməsi ölkəmizin ixrac potensialının artırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu sahədə rəqəmsallaşmanı artırmaq məqsədilə Agentlik Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının “e-Phyto” sisteminə qoşulub. Bu sistem fitosanitar sertifikatların elektron formada tətbiqinə və qarşılıqlı tanınmasına imkan yaradır.

Bununla yanaşı, fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən “Bitki sağlamlığı haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsinin qəbul edilməsi şəffaflığın artırılmasına və sahibkarlar üçün proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşmasına şərait yaradacaqdır”.

Qoşqar Təhməzli qeyd edib ki, qida təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin edilməsi bütövlükdə aqrar sahənin ortaq bir məsuliyyətidir. Biz fermer və sahibkarları nəzarət obyekti kimi deyil, etibarlı tərəfdaşlarımız olaraq qəbul edirik.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.