Bakı şəhərində təşkil olunan mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə operativ nəzarət gücləndirilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib.
Onun sözlərinə görə, yarmarkalarda fəaliyyət göstərən Səyyar Qida Laboratoriyaları vasitəsilə vətəndaşların satışa çıxarılan məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müraciətləri yerində araşdırılır:
“Zərurət yarandıqda isə məhsullardan laborator analizlər üçün nümunələr götürülür. Bu yanaşma istehlakçıların etimadının artırılmasına və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin olunmasına xidmət edir”.
Q.Təhməzli onu da qeyd edib ki, ixracyönümlü fitosanitar tədbirlər Agentliyin fəaliyyətində mühüm yer tutur:
“Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir, fitosanitar sertifikatlar beynəlxalq standartlara uyğun olaraq verilir. Bu sahədə rəqəmsallaşmanın və şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) “E-Fito” (ePhyto) sisteminə qoşulub. Sözügedən sistem fitosanitar sertifikatların elektron formada tərtib olunmasına, mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

