
Bakı. Trend:
Tanınmış alim, kompüter elmləri üzrə beynəlxalq səviyyəli
mütəxəssis, Kanadanın Vaterloo Universitetinin Devid R.Çeriton
adına Kompüter Elmləri Məktəbinin Riyaziyyat fakültəsində tədqiqat
üzrə dekan müavini, professor Raouf Boutaba Azərbaycan Memarlıq və
İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ilə əlaqədar
olaraq ali təhsil ocağında akademik səfərdədir.
Bir həftə davam edəcək səfər çərçivəsində professor Raouf
Boutaba müxtəlif mövzularda elmi seminarlar keçirəcək, ali təhsil
ocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə
görüşəcək. Səfərin əsas məqsədi müasir informasiya texnologiyaları
sahəsində qabaqcıl elmi yanaşmaların paylaşılması, elmi-tədqiqat
əməkdaşlıqlarının müzakirəsi və gənc tədqiqatçıların beynəlxalq
elmi mühitə inteqrasiyasının təşviqidir.
Akademik səfər çərçivəsində ilk elmi seminar AzMİU Mexanika və
İnformasiya Texnologiyaları fakültəsində baş tutub. Tədbirdə müasir
şəbəkə texnologiyaları, bulud hesablama sistemləri, şəbəkə
virtualizasiyası, proqram təminatlı şəbəkələr, eləcə də gələcək
internet arxitekturaları ilə bağlı aktual elmi mövzular müzakirə
olunub. Seminar zamanı bu sahələrdə mövcud çağırışlar, innovativ
həllər və perspektiv tədqiqat istiqamətləri ətrafında geniş fikir
mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən AzMİU-nun elmi işlər üzrə prorektoru, AzMİU
Ali riyaziyyat kafedrasının professoru Nigar Aslanova qonağı
salamlayaraq belə nüfuzlu alimin AzMİU-da elmi seminar keçməsini
yüksək qiymətləndirib. Universitetimizdə elm və innovasiyaların
inkişafına xüsusi önəm verildiyini vurğulayan professor Nigar
Aslanova bu cür beynəlxalq səviyyəli akademik səfərlərin elmi
mühitin zənginləşməsinə, tələbə və gənc tədqiqatçıların
bilik-bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd
edib.
Fakültənin professor-müəllim heyəti və tələbələr Raouf
Boutabanın təqdimatını böyük maraqla qarşılayıb, mövzu ətrafında
suallar ünvanlayaraq geniş müzakirə aparıblar. Akademik səfərin
növbəti günlərində də müxtəlif ixtisaslar üzrə seminar və
görüşlərin keçirilməsi nəzərdə tutulur.
Raouf Boutaba şəbəkə və xidmətlərin idarə olunması sahəsində
dünyanın aparıcı mütəxəssislərindən hesab olunur. Onun elmi
maraqları naqilli, naqilsiz şəbəkə sistemlərində resursların,
şəbəkələrin və xidmətlərin idarə olunmasını əhatə edir. Alimin əsas
tədqiqat istiqamətlərinə şəbəkə virtualizasiyası, şəbəkə
proqramlaşdırılması (network softwarization), bulud hesablama və
şəbəkə təhlükəsizliyi daxildir.
O, 2012-ci ildə “IEEE Fellow” adına layiq görülüb, 2015-ci ildə
Kanada Mühəndislik Akademiyasının üzvü seçilib. 2019-cu ildə isə
Kanadanın ən yüksək akademik mükafatlarından hesab olunan Kanada
Kral Cəmiyyətinə (Royal Society of Canada) üzv qəbul edilib.
Hazırda çalışdığı Vaterloo Universiteti dünyanın texnologiya
nəhənglərinin diqqət mərkəzindədir. Belə ki, “Google”, “Microsoft”
kimi böyük şirkətlərin əməkdaşları arasında bu ali məktəbin
məzunları üstünlük təşkil edir.
Alim şəbəkə idarəetməsi sahəsində ən nüfuzlu beynəlxalq
mükafatlardan olan Dan Stokesberry Award (2009) və IEEE Canada
McNaughton Gold Medal (2014) mükafatlarının laureatıdır. Dünyanın
aparıcı beynəlxalq elmi konfranslarında Cənubi Koreya, Braziliya
kimi ölkələrin universitetlərində dəfələrlə əsas məruzəçi qismində
çıxış edib. Onun elmi fəaliyyətinin təsir göstəricisi (h-index)
64-dür.
Qeyd edək ki, AzMİU-nun 50 illik yubileyi ilə əlaqədar keçirilən
tədbirlər çərçivəsində Almaniyanın Otto-von-Guericke
Universitetinin (Magdeburq) professoru, dünya şöhrətli alim
professor Holm Altenbach, Avstriyanın Qrats Texnologiya
Universitetinin Riyaziyyat, fizika və geodeziya fakültəsinin
dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi
Behrndt da universitetimizdə akademik səfərdə olub, bir həftə
ərzində müxtəlif elmi seminarlar keçiblər.
Azərbaycan Memarlıq və İnşaat Universitetində bu kimi beynəlxalq
səviyyəli elmi seminarların keçirilməsi ali təhsil ocağının elmi
nüfuzunun artırılmasına, qlobal akademik mühitə inteqrasiyasına
mühüm töhfə verir, tələbə və müəllimlərin dünya səviyyəli alimlərlə
birbaşa ünsiyyət qurmasına, müasir elmi trendlər, qabaqcıl tədqiqat
istiqamətləri ilə yaxından tanış olmasına imkan yaradır.

