Bolqarıstan ABŞ-dən ilk partiyanın son iki “F-16” qırıcısını alıb

Baş səhifə
Bolqarıstan ABŞ-dən ilk partiyanın son iki F-16 qırıcısını alıb

ABŞ-dən alınan yeni bir və iki yerlik “F‑16 Block 70” qırıcıları Bolqarıstanın Qraf-İqnatyevo aviabazasına enib.

“Report”un məlumatına görə, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi açıqlama yayıb.

“Bolqarıstan Hərbi Hava Qüvvələri üçün “F‑16 Block 70″in ilk partiyasının təhvili başa çatdı”, – açıqlamada bildirilib.

Qeyd olunub ki, təyyarələrin qarşılanmasında istefada olan müdafiə naziri Atanas Zapryanov və Bolqarıstan Müdafiə Qərargah rəisi admiral Emil Eftimov iştirak ediblər.

“Bolqarıstan Hərbi Hava Qüvvələri, “Lockheed Martin” şirkəti ilə müqaviləyə əsasən, qalan 8 təyyarə də təhvil verildikdən sonra “F‑16 Block 70″ eskadrilyasına sahib olacaq”, – deyə nazirlik əlavə edib.

Oktyabr ayında Hərbi Hava Qüvvələrinin rəhbərliyi bildirmişdi ki, yeni təyyarələr yalnız 2026‑cı ilin ikinci yarısında və ya 2027‑ci ildə döyüş növbətçiliyinə çıxarıla bilər, çünki onlar üçün kifayət qədər təlim keçmiş pilot yoxdur. Hazırda altı bolqar pilotu təlimi başa vurub, lakin daha köhnə “F‑16” modellərində əlavə hazırlıq keçməlidirlər. Onlardan yalnız ikisinə aviaqrup komandiri olmaq hüququ verilib, daha 15 pilot isə hələ də təlim prosesindədir.

Gözlənilir ki, ikinci partiya – səkkiz qırıcı – 2027‑ci ilin sonunadək Bolqarıstana çatdırılacaq və Balkan dövləti tam eskadrilyaya sahib olacaq. “F‑16” təchizatları ölkənin HHQ-si üçün mühüm əhəmiyyət daşıyır, çünki hazırda silahlanmada olan “MiQ‑29” təyyarələrinin istismar resursu, demək olar, tükənib.