
Bakı. Trend:
Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsas
səbəblərindən biri məhz zərərli vərdişlərdir. Tütün istifadəsi, adi
siqaret çəkmə ilə bağlı risklər artıq cəmiyyətin hər bir üzvünə
məlumdur.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan
Məmmədov elektron siqaretlərə tətbiq ediləcək qadağalarla bağlı
jurnalistlərə açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, hər bir uşaq da, hər bir yetkin
insan da anlayır ki, siqaret çəkmə ağciyər xərçəngi və digər ağır
xəstəliklərlə nəticələnir:
“Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik rəqəmlərə
baxdıqda görürük ki, təəssüf ki, hətta bir sıra inkişaf etmiş
ölkələrdə belə elektron siqaretlərin istifadəsi xüsusilə yetkinlik
yaşına çatmamış uşaqları əhatə edir.
Elektron siqaretlərin istifadəsi yetkinlik yaşına çatmamış
şəxslərlə yetkin insanlar arasında təxminən 10 dəfəyə qədər daha
yüksəkdir. Bu isə onu göstərir ki, bir çox uşaqlar adi tütün
məmulatlarından istifadə etməsələr belə, birbaşa elektron
siqaretlərə yönəlirlər”.
Deputat bildirib ki, təqdim olunan yenu qanun layihəsi məhz
tütün məmulatlarının təsnifatının dəqiqləşdirilməsinə xidmət
edir:
“Yəni, hansı məhsullar tütün məmulatı sayılır, hansıları
qızdırılan tütün məhsullarıdır və elektron siqaretlər hansı
kateqoriyaya aiddir — bütün bunlara hüquqi aydınlıq gətirilir”.
S.Məmmədov əlavə edib ki, elektron siqaretlərin idxalı və
istifadəsi ilə bağlı qadağalar da dünya təcrübəsi nəzərə alınmaqla
tətbiq olunur:
“Bir sıra ölkələrdə elektron siqaretlərin istifadəsi tam qadağan
edilib, bəzi ölkələrdə isə ciddi tənzimləmə mexanizmləri tətbiq
olunur — istifadə sahələri məhdudlaşdırılır və ya tərkibinə
tənzimləmə tətbiq edilir.
Ölkəmizdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması
ilə bağlı qanunun tətbiqi təkcə bu gün üçün deyil, gələcək
nəsillərin sağlamlığının qorunmasına yönəlmiş addımdır. Bu
çərçivədə elektron siqaretlərin qadağan olunması, xüsusilə
tərkibində çoxsaylı kanserogen maddələr olan, nikotinin az və ya
heç olmadığı halda belə digər zərərli kimyəvi maddələrlə zəngin
olan bu vasitələrin istifadəsinin qarşısının alınması bir sıra
xəstəliklərin artmasının qarşısını almağa xidmət edir.
Dünya təcrübəsi, Ümumdünya Səhiyyə Təşkilatının statistik
göstəriciləri və ölkəmizdə mövcud olan rəqəmlər bu məsələnin nə
qədər ciddi olduğunu göstərir. Elektron siqaretlərin xüsusilə
məktəblilər arasında yayılması artıq ciddi bir çağırışdır. Tütün
məmulatlarının təsnifatının dəqiqləşdirilməsi çox düzgün və vacib
addımdır”.
O qeyd edib ki, istənilən qanunun effektiv icrası üçün
qadağaların pozulmasına qarşı sanksiyalar mütləqdir. Cərimələrin
məbləği və digər mexanizmlər isə qanun qəbul edildikdən sonra
müvafiq normativ-hüquqi aktlarla tənzimlənəcək.


