
Bakı. Trend:
Dövlət rüsumu ödəməkdən azad olunan şəxslərin siyahısı
genişləndirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin növbəti plenar iclasında
müzakirə ediləcək.
Sənədə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə
uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə –
məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də bu
siyahıya əlavə ediləcək.
Qanun layihəsi məişət zorakılığından zərər çəkmiş şəxs olan
ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üzrə
məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlət rüsumunun
ödənilməsindən azad edilmə məqsədilə hazırlanmışdır.
Qeyd etmək lazımdır ki, məişət zorakılığından zərər çəkmiş şəxsə
uzunmüddətli mühafizə orderinin (60 gündən 180 gün müddətinədək)
verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin
əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur.
Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa
və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə,
zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror
uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat
qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırda
“Dövlət rüsumu haqqında” qanuna əsasən xüsusi icraat qaydasında
baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu
müəyyən edilmişdir, eyni zamanda məhkəmələrə verilən iddia
ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları
bu ödənişlərdən azad edilmişdir.
Məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin
uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə
ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onların
məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlmişdir.
Qeyd etmək lazımdır ki, məişət zorakılığından zərər çəkmiş şəxs
dedikdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun
4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən
məişət zəminində fiziki, psixi, cinsi zorakılığı, iqtisadi
xarakterli qanunsuz hərəkətləri nəticəsində fiziki və ya mənəvi
zərər çəkmiş şəxs nəzərdə tutulur.

