
Bakı. Trend:
Qərbi Avropa ölkələrinin bir sıra liderləri Ukrayna
münaqişəsindən dəyən ziyanın qiymətləndirilməsi üzrə beynəlxalq
komissiyanın yaradılmasını planlaşdırır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, komissiyanın başlıca məqsədi Kiyevə vurulmuş yüz
milyardlarla dollar həcmində ziyana görə təzminatın ödənilməsini
təmin etməkdir.
Planlaşdırılan orqan 2023-cü ildə yaradılmış Ukraynanın Maddi
zərər Reyestrinə daxil olmuş ərizələri nəzərdən keçirərək, onları
qiymətləndirəcək və müvafiq qərarlar qəbul edəcək. Kompensasiyanın
məbləği hər işlə bağlı fərdi olaraq müəyyənləşdiriləcək.
Kompensasiyaların necə ödəniləcəyi barədə təfərrüatlar hələ
məlum olmasa da, müzakirə olunan variantlar arasında Rusiynın
dondurulmuş aktivlərinin yönləndirilməsi də var.

