Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin
əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın
ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun
təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş
digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılaraq məsuliyyətə
cəlb olunmaları istiqamətində silsilə əməliyyatlar keçirilib.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, keçirilən tədbirlər nəticəsində ümumilikdə 85
nəfər məsuliyyətə cəlb edilib. Narkotiklərin qanunsuz dövriyyəsini
və satışını təşkil edən, xüsusi qulluqla çətənə kolları yetişdirən
9 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə
və psixotrop maddələr aşkar edilərək götürülüb.
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin
istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında
hazırlanmasına , əldə edilməsinə, saxlanmasına, daşınmasına görə
isə 34 nəfər məsuliyyətə cəlb edilib.
Avtomobillərdən silsilə oğurluqlar edən, avtomobillərin dövlət
qeydiyyat nişanlarını oğurlayan, həmçinin mənzillərdən, ticarət
obyektlərindən, əkin sahələrindən eləcə də digər məkanlardan pul,
qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları, tikinti
materialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlb
olunub.
Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər
nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək, işə
düzəltmək vədi ilə pullarını mənimsəyən 3 nəfər saxlanılıb.
Həmçinin narkotik vasitənin təsiri altında avtomobil idarə edən,
avtomobil qaçıran 2 şəxs polis əməkdaşları tərəfindən keçirilən
operativ tədbirlərlə saxlanılıb.
11 qanunsuz ağac kəsmə faktı müəyyən olunaraq 1 faktla bağlı
cinayət işi başlanmış, digər faktlarla bağlı toplanmış materiallar
müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti
üzrə göndərilmişdir.
Qeyd edilən dövr ərzində polis əməkdaşları tərəfindən qanunsuz
olaraq saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı,
578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 ədəd süngü bıçağı
aşkarlanaraq götürülüb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri
nəticəsində isə mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına
görə eləcə də cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda
olan 158 nəfər saxlanılıb.
“102” Xidməti-Zəng Mərkəzi vasitəsi ilə vətəndaşlardan daxil
olan 2 minə yaxın müraciətə opetariv reaksiya göstərilib.

