
Bakı. Trend:
Azərbaycanda elan olunması gözlənilən növbəti amnistiya aktı
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”
çərçivəsində xalqa ünvanlanan mühüm və dəyərli bir hədiyyədir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova bildirib.
Deputat qeyd edib ki, sözügedən amnistiya aktı xüsusi əhəmiyyət
daşıyır və xalqımızın tarixində mühüm yer tutan “Konstitusiya və
Suverenlik İli”nə həsr olunması ilə seçilir.
Onun sözlərinə görə, məhz bu səbəbdən amnistiya cəmiyyət üçün
ikiqat sevinc mənbəyidir.
A.Həsənova bildirib ki, amnistiya aktının Vətən müharibəsində,
eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü
uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş
şəxslərə, həmçinin həmin müharibə və əməliyyatlar zamanı həlak
olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilməsi
dövlətin şəhidlərin xatirəsinə dərin ehtiramının və müharibə
əlillərinə göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Deputat vurğulayıb ki, bu amnistiya şamil olunduğu şəxslərin
sayına görə indiyədək qəbul edilən ən genişmiqyaslı aktdır:
“Layihədə Vətən müharibəsində, 2023-cü il sentyabrın 19–20-də
həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş
şəxslərin, bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə
qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin, eləcə də
qadınların, 60 yaşdan yuxarı şəxslərin, cinayət törədərkən
yetkinlik yaşına çatmayanların və digər kateqoriyalara aid
insanların cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi
nəzərdə tutulur.
Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil
ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan
məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3
mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun
azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun
azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya
şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət
məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır”.
A.Həsənova bu addımı böyük humanist təşəbbüs kimi dəyərləndirib.
Onun fikrincə, amnistiya aktı minlərlə insanı əhatə etməklə yanaşı,
ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir və milli
həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən
ardıcıl siyasətin davamıdır. Deputat əlavə edib ki, bu aktın eyni
zamanda tərbiyəvi mahiyyəti də var: törətdiyi əməldən nəticə
çıxaran, peşmançılıq hissi keçirən şəxslərə dövlət tərəfindən
bağışlanma imkanı yaradılır.
Sonda deputat amnistiyaya düşən şəxsləri bu humanist qərardan
düzgün nəticə çıxarmağa və bundan sonra Azərbaycan Respublikasının
qanunlarına hörmətlə yanaşaraq onlara əməl etməyə çağırıb.

