
Bakı.Trend:
Yanğınlar, texnogen qəzalar, strateji əhəmiyyətli obyektlərin, o
cümlədən neft-qaz infrastrukturunun mühafizəsi, habelə zərərçəkmiş
regionlara və xarici dövlətlərə yardımın göstərilməsi fəaliyyətləri
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin öz xalqı və beynəlxalq
ictimaiyyət qarşısında yüksək potensialını, məsuliyyətini bariz
şəkildə nümayiş etdirib.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Qırğız Respublikasının fövqəladə
nallar naziri general-leytenant Boobek Ajikeev Fövqəladə Hallar
Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyin
yaradılmasının 20-ci ildönümü ilə əlaqədar FHN-in Akademiyasında
keçirilən təntənəli mərasimdə deyib.
“Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında
ikitərəfli əməkdaşlıq müstəsna dərəcədə yüksək səviyyədədir və bu
əməkdaşlıq həqiqi qardaşlıq, etimad və strateji xarakter daşıyır.
Qurumlarımız arasında qarşılıqlı fəaliyyət yalnız bəyanatlarla
məhdudlaşmır, konkret, praktik və həyati əhəmiyyətli təşəbbüslər
vasitəsilə həyata keçirilir”, – o əlavə edib.
Nazir qeyd edib ki, əməkdaşlıq illəri ərzində peşəkar qarşılıqlı
fəaliyyətin yüksək səviyyəsi formalaşdırılmışdır ki, biz bu
səviyyəni birgə fəaliyyətin bütün istiqamətləri üzrə qoruyub
saxlamağı və ardıcıl şəkildə inkişaf etdirməyi qarşıya məqsəd
qoymuşuq.
“Çətin dövrlərdə Azərbaycan Respublikasının Qırğız
Respublikasına göstərdiyi dəstəyi dərin minnətdarlıqla
xatırlayırıq. Bu dəstəyə humanitar əməliyyatlarda iştirak və
fövqəladə hallara reaksiya sisteminin potensialının
gücləndirilməsinə verilən praktik töhfələr də daxildir. Bu addımlar
Qırğız–Azərbaycan qardaşlığının tarixində səmimi dostluğun,
həmrəyliyin və qarşılıqlı hörmətin rəmzi kimi əbədi olaraq
qalacaq”, – deyə nazir qeyd edib.


