
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edən “Təbii həllərə əsaslanan materiallar bazarının inkişaf platforması” adlı regional texniki yardım layihəsini təsdiqləyib.
“Report” ADB-yə istinadən xəbər verir ki, 1,5 milyon ABŞ dolları dəyərində layihənin Xüsusi Texniki Yardım Fondu vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır.
“Bu layihə bankın inkişaf etməkdə olan üzv ölkələrində müsbət karbon balanslı təbii həllərə özəl investisiyaları sürətləndirəcək. Sürətlə böyüyən bitkilər və bərpa olunan bioloji resurslardan, o cümlədən bambukdan əldə edilən və təbii həllərə əsaslanan materiallar iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin stimullaşdırılmasına, iqtisadiyyatın və özəl sektorun inkişafına töhfə verəcək”, – məlumatda deyilir.
Texniki yardım təbii həll əsaslı materiallar sənayesinin inkişafını sürətləndirmək üçün ekosistemlərin qiymətləndirilməsi, pilot həllərin sınaqdan keçirilməsi və risk kapitalını səfərbər edən tərəfdaşlıq platformasının yaradılması hesabına fəaliyyət göstərən bazarların inkişafına kömək edəcək.
Layihə çərçivəsində sənaye ilə tərəfdaşlıq əsasında təbii həllərə əsaslanan materiallar bazarının regional inkişaf platformasının yaradılması planlaşdırılır. Bu platforma karbonun miqdarını azaldan təbiətyönümlü həllərə özəl investisiyaların sürətlənməsinə xidmət edəcək.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə yaradılıb, mənzil-qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.

