Milli Məclis Mülki və Ticarət Gəmiçiliyi Məcəllələrində, eləcə də “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklikləri son oxunuşda qəbul edib.
“Report” xəbər verir ki, müvafiq layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
İclasda bildirilib ki, sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsindən irəli gələrək hazırlanıb, iki məcəllə və iki qanunda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir.
Belə ki, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.
Hazırda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair münasibətlər əsasən Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi və “Nəqliyyat haqqında” qanunla tənzimlənir. “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanunla bu sahənin qanunvericilik bazası genişlənir və təkmilləşdirilir. Bundan irəli gələrək dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir (normativ hüquqi çərçivə müəyyən edilir). Bu cür dəyişiklik nəqliyyat-ekspedisiya xidmətləri sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları arasında əlaqələndirmənin yaradılmasına və hüquq tətbiq etmə praktikasında yarana biləcək məsələlərin tənzimlənməsinə imkan yaradır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

