
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə “yaşıl”
investisiyaların dəstəklənməsi məqsədilə “Türk Ekonomi Bankası”na
(TEB) 100 milyon avro məbləğində kredit ayıracaq.
Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.
Bildirilib ki, maliyyələşmə AYİB-in Yaşıl İqtisadiyyatın
Maliyyələşdirilməsi Proqramı (GEFF II) çərçivəsində həyata
keçirilir və yaşıl iqtisadiyyat layihələrinə sərmayə qoyan
sub-borcalanların sonrakı kreditləşdirilməsinə yönəldiləcək.
“Bu saziş TEB ilə AYİB arasında uzunmüddətli əməkdaşlıq
çərçivəsində həyata keçirilən ilk ‘yaşıl’ sövdələşmədir. Eyni
zamanda, bu, AYİB-in maliyyə sektorunun ekoloji cəhətdən dayanıqlı,
aşağı karbonlu iqtisadiyyata keçidinin dəstəklənməsi ilə bağlı
strateji məqsədinə uyğundur. GEFF proqramları iqlim investisiyaları
üçün maliyyə imkanlarının genişləndirilməsinə, yerli tərəfdaş
banklar vasitəsilə maliyyələşmənin təmininə dəstək göstərilməsinə,
eləcə də biznesin enerji səmərəliliyinin artırılmasına, bərpa
olunan enerji mənbələrinin tətbiqinə və karbon emissiyalarının
azaldılmasına kömək etməyə yönəlib.
TEB Türkiyədə təxminən 440 filial və 8000 əməkdaşla fəaliyyət
göstərir və pərakəndə, kommersiya və korporativ müştərilərə,
həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə bank xidmətləri
təqdim edir”, – məlumatda qeyd olunub.

